Azərbaycanda səfərdə olan Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Füle Bakının Binəqədi rayonunda Dövlət Pedaqoji Universitetinin tələbə yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov komissara məcburi köçkünlərin yaşayış şəraiti barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin mənzil–məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi və sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirir və bu proses gələcəkdə də davam etdiriləcəkdir.
Sonra komissar Ştefan Füle məcburi köçkün ailələri ilə görüşmüş, onların həyat şəraiti ilə maraqlanmışdır.
Avropalı qonaq Binəqədi rayonu ərazisində 369 məcburi köçkün ailəsinin yaşadığı şəhərciyə də gəlmiş və burada yaradılan şəraitlə tanış olmuşdur. Mənzil-məişət şəraiti ilə bağlı heç bir problemlərinin olmadığını bildirən sakinlər yalnız doğma yurd-yuvalarına qayıtmaq istədiklərini və əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışlar.
Görüşün yekunları ilə bağlı keçirilən mətbuat konfransında təəssüratlarını bölüşən Ştefan Füle Azərbaycanda qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan razılığını bildirmişdir. O demişdir ki, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə belə qayğı ilə yanaşması təqdirəlayiq haldır. Məcburi köçkünlərin yaşadığı şərait nə qədər yaxşı olsa da, bu, vətənə qayıtmağı əvəz etmir. Biz hamımız o zaman vəziyyətlə tam qane ola bilərik ki, bu münaqişə birdəfəlik həll edilsin və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtsınlar.
Qonaq Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda sülh yolu ilə həll olunmasının tərəfdarı oluğunu bildirmişdir. Mən əminəm ki, problemin həlli vaxtı çox uzaqda deyildir.