Səsvermə bazar günü – oktyabrın 26-da keçiriləcək…
Səsvermə bazar günü – oktyabrın 26-da keçiriləcək.
Ukraynanın baş naziri Arseni Yasenyuk Ukraynada Ali Radaya növbədənkənar seçkilər zamanı Rusiya tərəfindən təxribatın törədiləcəyindən çəkinir.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) bildirdiyinə görə, MTMŞ Donbasda yaraqlıların təxribat hazırladıqları barədə informasiyaya malikdir. Səsvermə oktyabrın 26-da keçiriləcək.
Dördüncü gün hökumət iclasında Yasenyuk deyib:
“Aydındır ki, vəziyyətin stabilliyinin pozulmasına cəhdlər davam edəcək və bu, Rusiya tərəfindən olacaq. Onlar buna prezident seçkiləri zamanı nail ola bilmədilər, baxmayaraq ki, dəfələrlə cəhd etdilər. Onlar öz planlarından imtina etməyiblər”.
Moskva ümid edir ki, Ukraynada parlament seçkiləri demokratik prinsiplərə müvafiq keçiriləcək. Bu barədə Rusiya Federasiyasının XİN rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib:
“Ümid edirik ki, Ukraynada keçiriləcək seçkilər demokratik prinsip, normalara müvafiq olacaq və sabitləşmə prosesi başlayacaq. Ali Radanın yeni tərkibinin parlament strukturları xəttində tam mənalı qarşılıqlı fəaliyyətimizin bərpası üçün lazımi şərtləri yaradacağına ümid etmək istəyirik”.
Parlamentdə yer almaq üçün 29 partiyadan olan üç mindən artıq nümayəndə iddialıdır. Bu partiyaların arasında Yasenyukun “Narodnı front”, Timoşenkonun “Batkivşina”, Tyaqnibokun “Svoboda”, Oleq Lyaşkonun “Radikalnaya partiya” və “Blok Petr Poroşenko” partiyaları var. Sonuncu favorit hesab edilir.