Yunanıstanın xarici işlər naziri: “ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş səylərini dəstəkləyirik”

“Azərbaycanla Yunanıstan arasında bütün sahələrdə əməkdaşlıq müzakirə olunub. Mən həmkarım Elmar Məmmədyarova təklif etdim ki, yaxın vaxtlarda iki ölkənin hökumət üzvləri arasında Bakı və ya Afinada görüş keçirilsin “…

“Azərbaycanla Yunanıstan arasında bütün sahələrdə əməkdaşlıq müzakirə olunub. Mən həmkarım Elmar Məmmədyarova təklif etdim ki, yaxın vaxtlarda iki ölkənin hökumət üzvləri arasında Bakı və ya Afinada görüş keçirilsin “. APA-ın məlumatına görə, bu fikirləri Bakıda keçirdiyi brifinqdə Yunanıstanın xarici işlər naziri Dimitris Avramopoulos bildirib. O ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha açıqlayıb: “Münaqişələrin sülh yolu ilə, beynəlxalq hüquq və milli suverenlik prinsipləri əsasında həlli Yunanıstanın xarici siyasətinin fundamental prinsipidir. Yunanıstan həm də ATƏT-in üzvüdür və əlbəttə ki, biz Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəf üçün məqbul sayılacaq həll yolunun tapılmasına yönəlmiş səylərini dəstəkləyirik. Ən mühüm məsələ iradədir, münaqişəyə cəlb olunmuş tərəflərin siyasi iradəsidir. Əgər siyasi iradə olsa, dialoq və danışıqlar nəticə verəcək “.

O bildirib ki, görüşdə həmkarına Yunanıstanın Avropa Birliyinə sədrlik edəcəyi dövrdə fəaliyyətinin əsas prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, AB Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsində maraqlıdır.