Zahid Oruc: «Neftimizin Ermənistana ixrac olunması Rusiya və İran üzərindən mümkündür «

“Hazırda Azərbaycan neftinin üçüncü və ya dördüncü ölkələr, həmçinin “işbazlar” tərəfindən Ermənistana ötürülməsi məsələsi real deyil”…

“Hazırda Azərbaycan neftinin üçüncü və ya dördüncü ölkələr, həmçinin “işbazlar” tərəfindən Ermənistana ötürülməsi məsələsi real deyil”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib.

 

Onun sözlərinə görə, vaxtı ilə Azərbaycanın neft məhsulları, dizel yanacağı və benzin üçüncü və dördüncü “əllər” vasitəsilə Ermənistana çatdırılıb: “Ümummilli Lider Heydər Əliyevin bu məsələ ilə bağlı kəskin mövqeyi və tapşırığından sonra ölkəmizin müvafiq dövlət qurumları, hökumət strukturları bu işə nəzarəti artırdılar. Belə ki, rəsmilər tərəfindən məsələ ilə bağlı Gürcüstana səfərlər təşkil edildi və burada müvafiq görüşlər keçirildi. Nəhayət, məsələdə uğurlu nəticə əldə olunub və Azərbaycanın neftini Ermənistana ixrac edən üçüncü və dördüncü «əllər » kəsilib, kanallar bağlanıb. Azərbaycanın daxili bazarında məhsulların ucuz olması onun kənara çıxmasına da təsir edirdi və bu Ermənistanın maraqlarının lehinə işləyirdi. Ölkəmiz qiymət siyasəti ilə də bu problemin qarşısını almağa çalışıb”.

 

Millət vəkili bildirib ki, hazırda Azərbaycan neftinin Ermənistana ixrac olunması Rusiya və İran üzərindən mümkündür: “Lakin hər iki ölkənin Azərbaycanla neft və qaz sektorunda əməkdaşlıq öhdəlikləri var. Düşünmürəm ki, sözügedən ölkələr bu öhdəlikləri pozmuş olsunlar”.

/sia/