ATƏT-in Minsk qrupunun işi səmərə vermir. Bu qrup ölü qrupdur…
ATƏT-in Minsk qrupunun işi səmərə vermir. Bu qrup ölü qrupdur. Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bu gün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı keçirilən tədbirdə bildirib.
Z.Əsgərov Xocalı soyqırımına beynəlxalq səviyyədə qiymət verilməsinin vacibliyini vurğulayıb. Lakin onun fikrincə, beynəlxalq diplomatiya tarixində heç vaxt ədalət olmayıb və bu gün də reallıq belədir. Ona görə də, vitse-spikerin fikrincə, Dağlıq Qarabağ probleminin həllinin yaxınlaşması Azərbaycanın hərtərəfli güclənməsindən asılıdır: “Dağlıq Qarabağ probleminin həllini nə qədər yaxınlaşdırsaq, Xocalı soyqırımının da tanınmasını tezləşdirəcəyik. Bu isə Azərbaycan rəhbərliyinin siyasi iradəsindən, iqtisadi inkişafımızdan və ordunun güclənməsindən keçir “.
Z.Əsgərov problemin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətini də tənqid edərək onu ölü qrup adlandırıb: “Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğuldur. İndi biz 20 il də gözləməliyik ki, problem nə zaman həll olunacaq? Bu qrupun işi səmərə vermir. Bu qrup ölü qrupdur “.
O, həmçinin, Rusiyanın bu problemin həllində birbaşa məsuliyyət daşıdığını, BMT-nin fəaliyyətinin isə çox zəif olduğunu bəyan edib.
/Trend/