Əhməd Davudoğlu: Dağlıq Qarabağ probleminin həlli Ermənistandan asılıdır

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında Dağlıq Qarabağ probleminin həllinin Ermənistandan asılı olduğunu bildirib…

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında Dağlıq Qarabağ probleminin həllinin Ermənistandan asılı olduğunu bildirib. Trend in məlumatına görə, bu haqda Türkiyənin “Anadolu ” agentliyi məlumat verib. “Dağlıq Qarabağ probleminin həlli Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməsindən asılıdır ” – deyə, Davudoğlu bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

/Trend/