Məhərrəm Zülfüqarlı: “Ölkəmizin koronavirusun ikinci dalğası ilə bağlı səsləndirdiyi xəbərdarlıq…”

Avropa İttifaqının üzv dövlətləri COVID-19-un yayılmasının ikinci dalğasına hazırlaşmalıdırlar. Bu barədə məlumatı TASS agentliyi Avropa Komissiyasının nümayəndəsinə istinadən yayıb.

Qurumun nümayəndəsi əlavə edib ki, dövlətlər belə bir inkişafa hazır olmaq üçün hər şeyi etməlidirlər. Müvafiq nəticələrin növbəti risq qiymətləndirilməsindən sonra veriləcəyi deyilir. Bu prosedur Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi tərəfindən mütəmadi olaraq həyata keçirilir.

Nümayəndə onu da vurğulayıb ki, mövcud dalğalar düzgün idarə olunsa belə, yeni dalğalar yarana bilər.

Son məlumatlara görə, dünyada 4 milyondan çox COVID-19 hadisəsi aşkar edilib. Eyni zamanda, 300 minə yaxın insan ölüb, 1,5 milyon sağalıb.

Bütün bunlar onu göstərir ki, koronavirus infeksiyası ilə bağlı ikinci dalğa barədə Azərbaycanın həyəcan təbilinin əsaslı olduğu bir daha təsdiqlənir. Məsələ ondadır ki, bundan əvvəl pandemiyanın ikinci dalğasının başlama ehtimalının böyük olması barədə Azərbaycan tərəfi bildirib. Xəbərdarlıqda qeyd olunurdu ki, qaydalara riayət olunmasa, ikinci dalğa çox sərt şəkildə ola bilər. Ona görə də hər bir kəs öz fərdi məsuliyyətini dərk etməli və bütün qaydalara riayət etməlidir.

Müşahidələr göstərir ki, Azərbaycanın sözügedən məsələ ilə bağlı xəbərdarlığı və bununla əlaqədar həyata keçirdiyi bir sıra qabaqlayıcı tədbirlər ölkəmizin doğru yolda olduğunu təsdiqləyir.

  • “Avropa ölkələrindən fərqli olaraq, Azərbaycan pandemiya ilə mübarizədə daha çevik və qabaqlayıcı tədbirlər gördü”

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycanın koronavirusun ikinci dalğası ilə bağlı səsləndirdiyi xəbərdarlıq artıq ən mötəbər qurum tərəfindən təsdiqlənir: “Məsələ ondadır ki, Azərbaycanın müvafiq qurumları lazımi tədbirlərin görülməyəcəyi halda pandemiyanın ikinci dalğasının ola biləcəyini demişdilər. Avropa ölkələrindən fərqli olaraq, Azərbaycan koronavirusla mübarizədə daha çevik və qabaqlayıcı tədbirlər gördü. Ölkəmizin bu istiqamətdə atdığı addımlar öz müsbət təsirini göstərdi. Hətta bizim əhali deyilən şərtlərə çox da əməl etməsə də, yenə də bizdə virusa yoluxanların sayı digər ölkələrlə müqayisədə çox azdır. Azərbaycanda bu sahədə vəziyyət başqa ölkələrə baxanda qat-qat yaxşıdır. Biz məhz qabaqlayıcı tədbirlər sayəsində buna nail olmuşuq. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın çevik fəaliyyəti qeyd olunmalıdır. Qurum rəsmilərinin operativ olaraq ictimaiyyəti məlumatlandırması çox şeyi həll edir. Görünən odur ki, insanlar məntiqi əsaslandırmaya çox inanırlar. Prezidentin ümumən apardığı məqsədyönlü siyasət sayəsində pandemiyanın geniş yayılmasının qarşısı alındı. Allah eləsin ki, biz yaxın perspektivdə bu bəladan tam xilas olaq”.

Bakı xəbər