Ədliyyə Nazirliyində şərti olaraq vaxtından əvvəl azad olma institunun tətbiqi ilə bağlı yaradılmış komissiyanın növbəti iclası keçirildi
4 noyabr 2016-cı il tarixində Ədliyyə Nazirliyində şərti olaraq vaxtından əvvəl azad olma institunun tətbiqi ilə bağlı yaradılmış komissiyanın növbəti iclası 9 saylı cəzaçəkmə müəssisəsində keçirilmişdir. Komissiyanın işində “İnsan hüquqları XXI əsr – Azərbaycan” fondunun prezidenti, Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü Şahin Camalov da iştirak etmişdir. İclas zamanı komissiya tərəfindən 9 saylı cəzaçəkmə müəssisəsindən cəza müddətinin bir hissəsini tamamlamış, vaxtından əvvəl şərti azad olunması və ya məntəqə tipli cəzaçəkmə müəssissəsinə keçirilməsi məqsədilə ümumilikdə 15 nəfər məhkumun işinə baxılmış, onların şəxsi işləri, cəza çəkdiyi müddətdə müəssisənin daxili nizam-intizam qaydalarına necə riayət etməsi və islah prosesinə münasibəti ciddi araşdırılmış, məhkum barədə müəssisə əməkdaşlarının rəyi öyrənilmişdir. İclasın yekununda qaldırılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.
Adıçəkilən Komissiya şərti olaraq vaxtından əvvəl azad olma institunun tətbiqinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə ədliyyə naziri Fikrət Məmmədovun təşəbbüsü ilə yaradılmışdır. İctimai Komitə üzvlərinin də aktiv iştirak etdiyi Komissiya artıq bir neçə ildir ki, uğurla fəaliyyət göstərməkdədir.