Əfqanıstan müharibəsi veteranları cəbhə bölgələrinə yola düşüblər

Əfqanıstan müharibəsi veteranlarının bir qrupu Şəhidlər Xiyabanını ziyarət edərək cəbhə bölgələrinə yola düşüblər…

Əfqanıstan müharibəsi veteranlarının bir qrupu Şəhidlər Xiyabanını ziyarət edərək cəbhə bölgələrinə yola düşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, üç min nəfərdən çox veteranını birləşdirən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin fəaliyyətində əsas istiqamətlərdən biri gənclərin orduya hazırlanması, hərbi vətənpərvərlik tərbiyəsi, xüsusilə də Silahlı Qüvvələr şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində məqsədyönlü işin aparılmasıdır.

Təşkilatın sədri Məhəmməd Vəliyev cəbhə bölgələrinə yola düşməzdən öncə deyib ki, hazırda Silahlı Qüvvələrin sıralarında, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim və zabit heyətlərinin tərkibində Əfqanıstan müharibəsi veteranları kifayət qədərdir və onlar Ali Baş Komandanın əmrlərinə hər an hazırıq.

M.Vəliyev bildirib ki, son vaxtlar cəbhədə Ermənistan silahlı bölmələri daha da fəallaşıb. Hər gün atəşkəs rejimi onlarla dəfə pozulur. Lakin Azərbaycan əsgəri qəhrəmanlıq nümunələri göstərərək cavab atəşləri ilə düşməni susdurur, kəşfiyyat-təxribat qrupları əvvəlcədən aşkarlanaraq qarşısı mərdliklə alınır: “Təxribat uçuşları edərək hava məkanımıza daxil olmuş düşmən helikopterinin vurulması, bir neçə pilotsuz uçuş aparatının məhv edilməsi bütün xalqımız kimi bizi də sevindirir. Fəxr edirik ki, ordu quruculuğu məsələləri Ali Baş Komandanımızın prezident kimi fəaliyyətində prioritetdir. Biz fəxr edirik ki, Müdafiə Nazirliyi rəhbərliyinin səsi-sorağı mütəmadi olaraq cəbhə bölgələrindən, ön səngərdən gəlir. Həm ordumuz, həm də xalqımız işğal olunmuş torpaqlarımızı tezliklə azad etmək əzmi ilə yaşayır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun son vaxtlar səsləndirdikləri fikirlər bizi yenidən hərəkətə gətirib. Tətilimizi yarımçıq qoyaraq bu gün cəbhə bölgəsində, Azərbaycan əsgərinin yanında, onunla bir yerdə ön səngərdə olmağı qərara almışıq”.

Əfqanıstan müharibəsi veteranlarını cəbhəboyu bölgələrdə müşaiyət edəcək Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani isə bildirib ki, bir həftə davam edəcək bu səfər zamanı cəbhə bölgələrindəki hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhali ilə görüşlər təşkil olunacaq, Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Əfqanıstan müharibəsi veteranları olan Milli Qəhrəmanlar anılacaq, peşəkar veteranlar müxtəlif hərbi ixtisaslar üzrə gənc əsgərlərlə məşğələlər keçəcək, birgə təlimlərə qatılacaq, ayrı-ayrı postlarda gecə döyüş növbəsində duracaqlar. Bütün bunlar hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə və qarşıya qoyulmuş müqəddəs vəzifələrin qələbə ilə nəticələnəcəyinə yönəldilmiş tədbirlərdir.

 

/Trend/