Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı bu böhrandan qoruyub saxladı
Yanvarın 29-da Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Zəngilan, Qubadlı və Şuşa rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, Ə.Həsənov bu görüşün dövlətimizin başçısının tapşırığına əsasən təşkil olunduğunu deyib. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirələrdə qarşıya qoyduğu vəzifələrdən və onların yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışıb.
Son illər dünyada yaşanan siyasi-iqtisadi böhranlara diqqət çəkən Baş nazirin müavini qeyd edib ki, ötən il mövcud münaqişələrin həllində heç bir irəliləyiş olmayıb, əksinə, yeni münaqişə ocaqları yaranıb, qaçqın və miqrantların sayı artıb: “Dünyada bu böhran 2008-ci ildən başlayıb. Fikir verin, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasət Azərbaycanı yeddi il bu böhrandan qoruyub saxladı. Bu müddət ərzində bütün lazımi tədbirlər görüldü və Azərbaycan böhrandan kənarda qalmaqla bərabər, həm də sürətlə inkişaf etdi. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd etdiyi kimi, ötən il nəzərdə tutulan bütün sosial proqramlar icra edilib, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb”.
Komitə sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla icra edilməsi nəticəsində bu gün Azərbaycan dünyada söz sahibinə çevrilib: “Artıq Azərbaycan bütün dünyada tanınır, ölkəmizlə hesablaşırlar. Son on iki ildə ölkəmizdə 25 elektrik stansiyası tikilib, bu gün şəhərlərin 90 faizi, rayonların isə 80 faizi təbii qazla təmin olunub. Həmin müddətdə 10 min kilometrdən çox magistral yollar çəkilib, 650 min insan içməli su ilə təmin edilib “.
Prezident İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısından danışan Ə.Həsənov vurğulayıb ki, qaçqın və məcburi köçkünlər üçün son 12 ildə respublikanın 30-dan çox şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bu yaşayış məntəqələrində 150 ümumtəhsil, 7 musiqi və incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 50 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi və 2 olimpiya idman kompleksi tikilib. İndiyədək 49 min qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Bildirilib ki, Prezident İlham Əliyev daim məcburi köçkünlərlə görüşür və onların problemləri ilə maraqlanır. Dövlətimizin başçısı 2004-2015-ci illərdə məcburi köçkünlərlə yeni salınan yaşayış qəsəbələrində 30 görüş keçirib. Bu ənənə 2015-ci ildə də davam etdirilib.
Ə.Həsənov, həmçinin qeyd edib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 286 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 5 milyon manat güzəştli kredit verilib. Nəticədə 356 yeni iş yeri yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 12 ildə 75 faizdən 12 faizədək azalıb.
Baş nazirin müavini Prezident İlham Əliyevin 2016-cı ildə iqtisadi inkişaf templərini təmin edilməsi istiqamətində mühüm tapşırıqlar verdiyini bildirərək deyib: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq. Manatın məzənnəsinin aşağı düşməsindən istifadə edən bəzi işbazlar müxtəlif ərzaq məhsullarında qiymətləri süni şəkildə qaldırmağa cəhd göstərdilər. Bunun qarşısı dərhal alındı, təsirli tədbirlər görüldü. Həmçinin dövlətimizin başçısının sərancamları ilə bu il maaşlar, pensiyalar, sosial müavinətlər artırılıb. Bundan əlavə, bank sektorunda ciddi islahatlar aparılır. Eyni zamanda insanlarda banklara olan etimadı bərpa etmək üçün əmanətlərin sığortalanması ilə bağlı ciddi addımlar atılıb”.
Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışlarında yer alan ən mühüm məsələlərdən biri də biznes mühitinin yaradılması ilə bağlıdır. Dövlətimizin başçısı sahibkarlara kömək göstərilməsi, iş adamlarına qarşı maneçiliklərin aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib. Ümumiyyətlə, qarşıya qoyulan əsas vəzifə qeyri-neft sektorunun inkişaf etdirilməsi, neftdən asılılığın tam aradan qaldırılmasıdır. Eyni zamanda, ixracyömünlü məhsulların istehsalına da xüsusi diqqət ayrılmalıdır.
Ə.Həsənov qeyd edib ki, dövlətimizin başçısı məmurların qarşısında da ciddi vəzifələr qoyub. Dövlət məmurları vətəndaşlarla münasibətdə daha qayğıkeş olmalı, onların problemlərinin qanun çərçivəsində həllinə kömək göstərməlidirlər.
Baş nazirin müavini bütün istiqamətlərdə görülən qabaqlayıcı tədbirlər nəticəsində böhranın ölkə əhalisinə ziyan vurmayacağını diqqətə çatdırıb: “Sadəcə, Prezident İlham Əliyevin biz vəzifəli şəxslərin qarşısında qoyduğu bu işlərlə ciddi məşğul olmalıyıq ki, vətəndaşlarımız əziyyət çəkməsinlər, onların problemləri həllini tapsın. Atılan bütün addımlar əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir. Bu gün Azərbaycanda xalqla dövlət arasında güclü birlik var”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bəzi qüvvələrin maraqlarına xidmət etdiyini deyən Ə.Həsənov bildirib ki, bu problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri Prezident İlham Əliyevdir.
Milli Məclisin deputatı Flora Qasımova çıxış edərək məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, son 12 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.
Çıxış edən Şuşa rayonundan məcburi köçkün Məhəməd Hacıyev, Qubadlı rayonundan məcburi köçkün Təranə Şahmuradova, Füzuli rayonundan məcburi köçkün Natiq Süleymanzadə və başqaları dövlətimizin başçısının dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və digər antiböhran tədbirlərindən razılıqlarını bildiriblər.
Baş nazirin müavini Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan məcburi köçkünlərin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb.
trend.az