26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında Referendumun Uzunmüddətli Müşahidəsinin nəticələrinə dair İLKİN HESABAT

26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında Referendumun Uzunmüddətli Müşahidəsinin nəticələrinə dair İLKİN HESABAT

A. AVCİYA HAQQINDA MƏLUMAT

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)-2003-cü ildə 10 QHT-nin təşəbbüsü ilə yaranıb. AVCİYA-nın yaradılmasında əsas məqsəd Assosiasiyaya daxil olan qeyri-hökumət təşkilatlarının və üçüncü sektorun digər nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi vasitəsi ilə ölkədə vətəndaş cəmiyyətinin inkişafı prosesinə yardım göstərməkdir. Assosiasiyaya daxil olan QHT-lər ixtisaslaşdıqları sahələrdə mövcud olan problemlərə cəmiyyətin diqqətini cəlb etməyi, vətəndaşların onların həllində iştirakını, bu sferalarda gedən proseslərin maksimal şəffaflığını öz qarşılarına məqsəd kimi qoyurlar.

Assosiasiyanın məqsədlərindən biri də vətəndaş cəmiyyətinin bütün iştirakçıları (hökumət, cəmiyyət, üçüncü sektor və s.) arasında dialoqun yaradılmasına kömək etməkdir.

Vətəndaş Cəmiyyətinin qurulmasının ədalətli və şəffaf seçkilərsiz mümkünsüzlüyünü qəbul edərək AVCİYA yarandığı gündən seçki prosesində iştirak etməyə başlayıb. 2004-cü ilin dekabrında AVCİYA «Azərbaycanda bələdiyyə seçkiləri» mövzusunda genişmiqyaslı tədqiqatı, bundan başqa ölkədə ilk dəfə olaraq “exit-poll” həyata keçirib. Bələdiyyə seçkiləri tədqiqat obyekti kimi götürülərkən hər bir vətəndaşın özünüidarə sisteminə cəlb edilməsinin ölkədə vətəndaş cəmiyyətinin inkişafı baxımından zəruri olduğu nəzərə alınmışdır. Bu tədqiqat zamanı AVCİYA əhalinin bələdiyyələrdən nə gözlədiyini, yerli özünüidarəetmə qurumlarının fəaliyyətinin effektivliyinin artırılması üçün hansı tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu və digər aspektləri dərindən öyrənmişdi. Bundan əlavə, AVCİYA bütün Azərbaycan ərazisində 300-dən çox yerli və xarici müşahidəçilərin iştirakı ilə seçkilərin monitorinqi prosesini təşkil etmişdir. Bakıda (Nəsimi rayonu) və Şamaxıda yerləşən seçki dairələrində isə «exit poll» (çıxışda sorğu) prinsipi əsasında sosioloji tədqiqat keçirilmişdir.

AVCİYA 13 may 2006-cı ildə keçirilmiş təkrar parlament seçkilərdə Bolqarıstanın “Azad və demokratik seçkilərin keçirilməsi uğrunda vətəndaş təşəbbüsü Assosiasiyası»(ADSVTA) Qeyri hökumət Təşkilatı və Şəffaf Seçkilər monitorinq mərkəzi» ilə birgə 10 dairənin 93 məntəqəsində “exit-poll” (çıxışda sorğu) və “quik-count”( səslərin tez sayılması) keçirmişdi, həmçinin səsvermə gedən 343 məntəqənin hər birində səslərin paralel hesablanması aparmışdır. Assosiasiya hər məntəqədə 2 müşahidəçi olmaqla, 686 müşahidəçi ilə seçkiləri izləmişdir. Eyni zamanda seçkilərə hazırlıq və namizədlərin təşviqat kampaniyasının kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasının 6 telekanal və 8 qəzet üzərində monitorinq aparmışdır.

AVCİYA 15 oktyabr Prezident seçkiləri ilə bağlı prosesə 2008-ci il yanvar ayından prezident seçkiləri ilə bağlı uzunmüddətli fəaliyyət planının tərtib edilməsi və Seçki Qərargahının yaradılması ilə start verib. Yanvar ayından etibarən AVCİYA Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların ofislərində görüşlər keçirməyə başlayıb. Yanvar-oktyabr ayları ərzində AVCİYA nümayəndələri ABŞ-ın Seçki Sistemləri üzrə Beynəlxalq Fondu, ABŞ-ın Milli Demokratiya İnstitutu, ABŞ-ın Respublikaçılar İnstitutu, Counterpat İnternational, Avrasiya Əməkdaşlıq Fondu, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, ATƏT və Avropa Şurasının Bakı ofisləri, ATƏT-in uzunmüddətli müşahidəçi missiyasının rəhbəri ilə görüşüb. ABŞ-ın Respublikaçılar İnstitutu AVCİYA-nın trenerləri üçün treninqlər təşkil edib. ABŞ-ın Seçki Sistemləri üzrə Beynəlxalq Fondu AVCİYA seçki qərargahına seçkilərlə bağlı ədəbiyyat vermişdir.

Azərbaycanın 12 regionunda, Bakının 11 rayonu, Abşeron və Sumqayıtda müşahidəçiləri üçün treninqlər keçirilib. Treniqlər zamanı müşahidəçilərə AVCİYA Seçki Qərargahının hazırladığı “2008-ci il Prezident seçkilərinin Monitorinqi. Yaddaş kitabçası”, “ Demokratik seçkilər və vətəndaş fəallığı” kitabları və seçki günü lazım olan materiallarla təmin olunmuş qovluqlar təqdim olunub.

13 oktyabr 2008-ci il-ATƏT-in uzunmüddətli müşahidə missiyasının Park inn oteldə təşkil etdiyi toplantıda AVCİYA Seçki Qərəgahının rəhbəri məruzə ilə çıxış edərək Assosiasiyanın seçki öncəsi fəaliyyəti barədə beynəlxalq müşahidəçilərə məlumat verib.

AVCİYA prezident seçkilərində 5148 məntəqədə monitorinq keçirib, 118 dairə üzrə 800 məntəqədə isə ekzit-poll və “quik-count” təşkil edib.

16 oktyabr 2008-ci l tarixdə səhər saat 11-00-da AVCİYA Seçki Qərəgahı Hyat Reycens otelində mətbuat konfransı keçirərək prezident seçkisi ilə bağlı ilkin rəyini bəyan edib.

AVCİYA nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada keçirilən seçkilərdə müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə etmişlər. AVCİYA, sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçilərin Dünya Şəbəkəsinin (World Network od Election Observers – www. worldelection.net) üzvüdür.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 18 mart 2009-cu il tarixdə keçirilmiş referendumun 118 DSK üzrə 3000 məntəqədə müşahidəsini təşkil edib. 2009-cu il bələdiyyə seçkiləri günü isə 49 DSK üzrə 1600 məntəqədə müşahidə aparıb.

Assosiasiya 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkilərinin daha demokratik və şəfaf keçirilməsi, seçki praktikasının və qanunvericiliyinin təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə 05 mart 2010-cu il tarixdə “Azərbaycan Respublikasında 2010-cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda Dəyirmi Masa və 16 aprel 2010-cu il tarixdə Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfrans keçirilib.

Assosiasiya 2013-cü il Prezident seçkilərini 118 DSK üzrə 5000 məntəqədə, 2014-cü il bələdiyyə seçkiləri günü 40 DSK üzrə 1200 məntəqədə, 2015-ci il Milli Məclisə seçkiləri 63 DSK üzrə 3000 məntəqədə müşahidə aparıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında Referendumla bağlı Uzunmüddətli Müşahidəsini həyata keçirir. Assosiasiya MSK-ya müraciətləri, imza toplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, referendum prosesi ilə bağlı qanun pozuntuları, referendumla bağlı qanunverici baza, referendum ərəfəsində ölkədəki siyasi mühüt, MSK, DSK və MnSK- ların fəaliyyəti, təşviğat kampaniyası və referendum gününün monitorinqinin təşkili kimi geniş miqyaslı fəaliyyətin icrasına 26 iyun 2016-cı il tarixindən başlayıb. Bununla əlaqədar olaraq ilkin hesabat hazırlanıb. İlkin hesabat 26 iyul-26 avqust 2016-cı il tarixini əhatə edir. Bundan başqa 20 sentyabr 2016-cı il tarixində Aralıq hesabat ictimaiyyətə təqdim ediləcək. Referendum günü müşahidə və referendumun nəticələri ilə bağlı ilkin münasibət sentyabr ayının 27-də, yekun hesabat isə oktyabr ayının 10-na kimi açıqlanacaq.

KİV-in monitorinqi 2 radio, 9 qəzet və 2 informasiya agentliyi üzərində aparılıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Referendum günü 62 DSK üzrə 3000 məntəqədə müşahidə aparacaq.

 

AVCİYA – nın seçki ilə bağlı nəşr etdirdiyi kitablar:

1. 2008 – ci il prezident seçkilərinin monitorinqi. Yaddaş kitabçası. Qanun. Bakı 2008.

2. Azərbaycan Respublikası Prezidentinin seçkiləri sənədlərdə (15 oktyabr 2008 – ci il). Bakı 2008.

3. The presidenttial elections of Azerbaijan Republic in dokuments (october, 15, 2008). Baku – 2008;

4. Demokratik seçkilər və vətəndaş fəallığı. Bakı 2008

5. Referendum ( 18 mart 2009). Bakı 2009

6. 18 mart referendumuna aid sənədlər. Bakı 2009

7. 2009 – cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabçası. Bakı 2009

8. Seçki sistemləri və seçki komissiyalarının təşkili: yerli və beynəlxalq təcrübə. Bakı 2010 (azərbaycan və ingilis dillərində);

9. 2010 – cu il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası. Bakı 2010;

10. AZƏRBAYCAN RESPUBLIKASI MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR 07 noyabr 2010-cu il. SEÇKİLƏRİN NƏTİCƏLƏRİ İLƏ BAĞLI YERLİ VƏ BEYNƏLXALQ TƏŞKİLATLARIN MÖVQEYİ. Bakı 2010;

11. The Parliamentary Elections in the Republic of Azerbaijan November 7, 2010. POSITIONS OF THE LOCAL AND INTERNATIONAL ORGANIZATIONS ON THE OUTCOME OF THE ELECTIONS. Bakı 2010;

12. Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə. Bakı 2010

13. Seçici hüquqlarının qorunması. Bakı 2011

14. 2013 – cü il Prezident seçkiləri. Yerli müşahidəçinin yaddaş kitabçası, Bakı 2013;

15. AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR 01 noyabr 2015-ci il. MÜŞAHİDƏÇİLƏR ÜÇÜN YADDAŞ KİTABÇASI. Baki 2015.

B. ÜMUMİ İCMAL

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 18-ci bəndinə və 109-cu maddəsinin 18-ci bəndinə görə referendum təyin etmək hüququ Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Azərbaycan Respublikasında əksər dövlətlərdə olduğu kimi referendum yolu ilə qəbul edilmiş qərarlar adi qanunlardan yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 152 maddəsinə görə isə Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Konstitusiyanın 2-ci maddəsinin II bəndində deyilir: “Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. ”

Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsinə görə aşağıdakı məsələlər yalnız referendum yolu ilə həll oluna bilər:

1.Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;

2. Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi.

Azərbaycanda həm sovet dövründə, həm də dövlət müstəqilliyi bərpa etdikdən sonra müxtəlif məsələrlə bağlı referendumlar keçirilib. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı ( 18 oktyabr 1991 – ci il) qəbul olunandan sonra ölkə üzrə 5 Referendum keçirilib ki, bunlar da aşağıdakılardır:

• 29 dekabr 1991-ci il – Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il qərarı ilə keçirilən referendumun bülletenlərində yalnız, “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına tərəfdarsınızmı?” sualı var idi. Referendiumda 3.751.174 nəfər və ya səsverənlərin siyahılarına daxil edilmiş vətəndaşların 95,27 faizi iştirak etmiş, səsverənlərin 99,58 faizi sualın lehinə 0,2 faizi isə əleyhinə səs vermişdir.

• 29 avqust 1993 – cü il – Azərbaycan Respublikasının Milli Məclisi 29 iyul 1993-cü il qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında referendum keçirilib. Səsverənlərİn siyahılarına salınmış 4.097.367 vətəndaşın 3.767.928 nəfəri və ya 92,02 faizi etimad göstərilməsinin əleyhinə, 77.730 nəfəri, yaxud 2,1 faizi isə leyhinə səs verib.

• 12 noyabr 1995-ci il – Referendum Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə yeni Konstitusiyanın qəbulu üçün keçirilib. 3 milyon 556 min 277 nəfərin iştirak etdiyi ümumxalq səsverməsində 91,9 faiz konstitusiyanın qəbul edilməsi lehinə, 6,63 faizi əleyhinə səs verib.Yeni konstitusiya 1995-ci il dekabrın 5-də qüvvəyə minmiş, həmin gündən 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşmüşdür.

• 24 avqust 2002-ci il – Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 21 iyun 2002 – ci il qərarı və Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 22 iyun 2002 – ci il tarixli Fərmana əsasən keçirilib. Referendumda seçicilərdən Konstitusiyanın 24 maddəsinə dəyişikliklə bağlı təklifə öz münasibətlərini bildirmişlər. Referendumda ölkə üzrə 83,86 faiz seçici iştirak edib və əksəriyyət Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərin qəbul edilməsinə səs verib.

• 18 mart 2009-cu il- Milli Məclisin 19 dekabr 2008-ci il tarixli qərarı ilə “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı” layihəsi qəbul olunub və Milli Məclis həmin layihəni rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. Bundan sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bu layihəni müzakirə edərək 18 mart 2009-cu il tarixdə referendum keçirilməsi haqqında rəy (24 dekabr 2008-ci il) verib.

 

 

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə 18 iyul 2016-cı il tarixdə Sərəncam imzalayıb.

İyulun 25-də isə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib və “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə rəy verib. Bundan sonra Prezident İ.Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında imzaladığı sərəncama əsasən, Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.

 

 

 

 

Əsas müddəalar

 

Təklif edilən Referendum Aktında Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi, eyni zamanda, 6 maddənin əlavə edilməsi nəzərdə tutulur:

• Qüvvədə olan Konstitusiyanın 9-maddəsinin 1-ci hissində qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.

Bu maddədə Azərbaycan Ordusunun Silahli Qüvvələrin bir hissəsi olduğu barədə əlavənin edilməsi Maddənin tam mahiyyətini açmış olur və mövcud boşluğu aradan qaldırır. Belə ki, təklif olunan yeni redaksiyada 9-cu maddənin 1-ci hissəsində qeyd olunur ki:

“Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir”.

İnsan hüquqları ilə bağlı mövcud müddəalara bəzi vacib dəyişiklik və əlavələr təklif edilmişdir.

• Konstitusiyanın 24-cü maddəsinə “İnsan ləyaqəti qorunur və ona hörmət edilir” ifadəsi əlavə olunması təklif edilmişdir. Eyni zamanda həmin maddəyə hüquqlardan sui-istifadəyə yol verilməməsi ilə bağlı vacib bir əlavə də edilmişdir.

• 25-ci maddəyə təklif edilmişdir ki, birinci cümlədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə, ikinci cümləsində “milli” sözü “etnik” sözü ilə əvəz edilsin.

• Aşağıdakı cümlələrin Konstitusiyanın 29-cu maddəsinə əlavə edilməsi təklif olunur:“Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər”.

• Konstitusiyanın 32-ci maddəsinə aşağıdakı əlavələrin edilməsi təklif olunur:“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.

• İnsan hüquqları blokuna dair sonuncu dəyişiklik təklifi ilə 36-ci maddədə (Tətil hüququ) qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokautun qadağan olunması barədədir.Ümumiyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsi Lokaut məsələsini tənzimləyir. Lokaut-kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə onun və ya mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır. Lakin işçilərə qarşı lokautdan istifadə edilərək, işçilərin hüquqlarının pozulması hallarının mümkünlüyünü nəzərə alaraq, lokautla bağlı müddəanın Konstitusiyada təsbit olunması insan hüquq və azadlıqların daha səmərəli şəkildə qorunmasına dəlalət edəcəkdir.

• Konstitusiyanın 59-cu maddəsinə məhdudlaşdırıcı xarakterli dəyişikliyin edilməsi nəzərdə tutulmuşdur. Belə ki, təklif olunur ki, maddənin ilk cümləsi aşağıdakı şəkildə oxunsun:“Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır”.

• Konstitusiyanın 60-cı maddəsinin aşağıdakı redaksiyada təklif edilir:

“Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə

təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və

həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

• Konstitusiyanın 68-ci maddəsinə aşağıdakı dəyişikliklər təklif olunur:

“68-ci Maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ”;

15.2. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin;

15.3. aşağıdakı məzmunda I və IV hissələr əlavə edilsin:

“I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı

davranışına hüququ vardır.”;

“IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd

hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş

ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır”.

• 85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin.100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan,” sözləri çıxarılsın.

• 126-cı maddənin I hissəsində “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözləri “Seçkilərdə” sözü ilə əvəz edilsin.

• Aşağıdakı məzmunda 98-ci maddə-nin əlavə edilməsi təklif olunur:“Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.”

• Prezidentlik müddəti-Təklifə əsasən 101-ci maddənin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilməsi planlaşdırılır:“Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.”

• Vitse-Prezidentlər-Aşağıdakı məzmunda 103-ci maddə əlavə edilsin:

“Maddə 103. Azərbaycan Respublikasının vitse-prezidentləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir”.

• 105-ci maddədə:

I hissənin birinci cümləsində “üç ay ərzində” sözləri “60 gün müddətində” sözləri ilə, ikinci cümləsində “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə əvəz edilsin;

II hissədə “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə, “səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri” sözləri “müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini” sözləri ilə əvəz edilsin;

III hissə aşağıdakı redaksiyada verilsin:

“III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir”;

Aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

“IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.

1. Referendumqabağı mühit

2016-cı ildə dünyanın müxtəlif bölgələrində hərbi toqquşmalar, müharibələr davam edir, yeni münaqişə ocaqları yaranır, dünyada təhlükələr artır. Eyni zamanda, ilin əvvəlindən və ondan əvvəlki dövrdən başlayaraq dünyada iqtisadi böhran daha da dərinləşir və demək olar ki, bütün ölkələr bu və ya digər formada bu böhrandan əziyyət çəkir. Ekspertlər Azərbaycanı bu böhrandan ən az əziyyət çəkən dövlətlər sırasına aid edirlər.

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda qeyd olunmuşdur ki, “ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2016-cı ildə də, – baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağı səviyyədədir, – Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, apardığımız islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlarımız dayanır.”

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında (26 yanvar 2016) “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilməsi” adlı 2085 saylı qətnamədə ilk dəfə konkret olaraq Ermənistan dövləti işğalçı kimi göstərilməsi və Azərbaycan torpaqlarının işğaldan azad olunmasının qeyd olunması Azərbaycanın uğuru kimi qiymətləndirilə bilər. Bu qətnamə ilə əlaqədar 2016-cı ilin aprel-may aylarında ABŞ Prezidenti Barak Obama administratsiyasına qəbul olunmuş Petisiyaya 330 min insanın səs verməsi və administrasiyanın bu müraciətə müsbət cavabı da Azərbaycanın əldə etdiyi uğurlardandır.

2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi fəsadlara gətirib çıxarmışdır. Onlardan biri də aprelin əvvəlində baş vermiş silahlı təxribat idi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verməsi, əks-hücum əməliyyatı keçirərək işğal altındakı torpaqların bir hissəsini, 2 min hektar torpağı azad etməsi və hazırda ondan bir neçə dəfə böyük əraziyə tam nəzarət etməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdı.

2016-cı ilin avqustunda İran və Rusiya prezidentlərinin Bakıya gəlməsi, üç ölkə prezidentlərinin görüşü və imzalanan sənədlər uğurlu xarici siyasətin nəticəsində əldə olunub.

Ölkədə normal referendum ab-havası müşahidə olunur, referenduma maraq gündən-günə artır. Aparılan müşahidələr, keçirilən tədbirlər, KİV-in monitorinqi vətəndaşların, siyasi qüvvələrin, mass-medianın, vətəndaş cəmiyyəti institutlarıın referenduma xüsusi maraq göstərdiyini üzə çıxarıb.

Referendumqabağı mühitin ən mühüm cəhəti əksər region ölkələrindən fərqli olaraq Azərbaycan Respublikası daxilində stabilliyin mövcud olmasıdır. Bu əlverişli mühit referendumum normal, demokratik şəraitdə keçirilməsinə imkan verir. Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendum qabağı ictimai-siyasi mühiti sabit, əlverişili, demokratik mühit hesab etmək olar.

Söz və mətbuat azadlığı

Referendumun günü elan olunduqdan sonra yazılı və elektron medianın Referenduma xüsusi diqqət ayırdığı müşahidə olunur. Referenduma hazırlıqla bağlı tədbirlərin, kütləvi aksiyaların işıqlandırılması, müzakirələr aparılması, bütün maraqlı qüvvələrin mövqeyinin ifadə edilməsi ilə bağlı problemlərin meydana çıxması müşahidə edilmir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilmişdir. 2009-cu il mart ayında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fondun yaradılmasında məqsəd fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra – layihələr) və digər tədbirləri maliyyələşdirməkdir. Fond müsabiqə əsasında qəzet və jurnalların, juranlistika sahəsində fəaliyyət göstərn QHT-lərin təqdim etdikləri layihələri maliyyələşdirir.

Fond yarandığı gündən demək olar ki, tənqidçi və müxalif mövqedən çıxış edən bütün qəzetlərin layihələrini maliyyələşdirmişdir. Bu zaman Fond yalnız donor kimi çıxış etmiş və benefisiarların redaksiya siyasətinə heç bir təsir göstərməmişdir.

Azərbaycanda 23 televiziya kanalı fəaliyyət göstərir, Ədliyyə Nazirliyində 4800-dən çox qəzet və jurnal qeydiyyata alınıb.

İnternet medianın (saytların və onlayn rejimdə işləyən xəbər portallarının) Referendumla bağlı məsələlərin işıqlandırılması, müzakirəsində xüsusi rol oynadığı müşahidə edilir. İnternet media hazırda vətəndaşların seçki ilə bağlı əsas məlumat mənbəyinə çevrilib.

İnternet medianın verdiyi yeni imkanlar Referendumla bağlı baş verən proseslər, hadisələr barədə dərhal geniş kütlələrin məlumat almasına imkan verir. Azərbaycan internet mediası bu imkanlardan maksimum istifadə etməyə çalışır.

Referendum həmçinin sosial şəbəkələrin çox böyük populyarlıq qazandığı zamanda baş tutması ilə də fərqlənir. Müşahidələr göstərir ki, Referendum ilə bağlı müzakirə, polemikaların əsas platforması kimi hazırda məhz sosial şəbəkələr çıxış edir.

Vətəndaşlar internet və sosial şəbəkələrə sərbəst çıxış imkanına malikdirlər və bu sahədə heç bir məhdudlaşdırıcı addım, təşəbbüs qeydə alınmayıb.

İnternet media və sosial şəbəkələr Referendumla bağlı vətəndaşların öz fikir və baxışlarının cəmiyyətə çatdırılmasına daha geniş imkanlar açıb.

Azərbaycanda medianın özünütənzimləmə orqanı kimi Mətbuat Şurası fəaliyyət göstərir. Şura 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.

Şura 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş ATƏT-lə birgə təkmilləşdirilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları əsasında etik standartların gözlənilməsinə ümumi nəzarəti həyata keçirir. Bu qaydalar və mövcud qanunvericilik nəzərə alınmaqla mediada getmiş yazılarla bağlı şikayətləri araşdrır və müvafiq rəy verir. Bu rəy tövsiyyə xarakteri daşıyır. Şura məzəmmət vasitəsi kimi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını kobud şəkildə pozan qəzet və jurnalların sıyahısını müəyyən edir. Şikayətlərə baxılma və araşdırılma qaydaları hazırlanıb və Şuranın saytında yerləşdirilib. Şuranın qəzet və jurnalların redaksiya siyasətinə hər hansı təsir etmək imkanı yoxdur. Şura yalnız tövsiyyə xarakterli qərarlar qəbul edir.

Dövlət tərəfindən çap mediasının layihələrinin maliyyələşdirilməsi və dövlət büdcəsindən onların fəaliyyətinin dəstəklənməsi üçün maliyyə ayrılması qəzet və jurnalların daha geniş miqyası əhatə etməsini şərtləndirmişdir.

Referendum qabağı dövrdə “qara PR” hallarına demək olar ki, rast gəlinməməsi müsbət amil kimi vurğulana bilər. Eyni zamanda Referendumla bağlı məsələlərin işıqlandırılmasında jurnalist etikasının pozulması hallarının da olmaması diqqəti çəkir.

Referendumla bağlı AVCİYA tərəfindən aparılan KİV-in monitorinqinin nəticələri

Assosiasiya iyul ayının 26-dan başlayaraq 13 KİV-in monitorinqini təşkil edib. Bunlardan 3-ü müstəqil (525-ci qəzet, Ədalət, Şərq), 3-ü müxalifət (Azadlıq,Yeni Müsavat, Xalq Cəbhəsi), 3-ü iqtidar (Azərbaycan, Xalq, Бакинский рабочий) qəzetləri, 2-si radio (İctimai, Azadlıq), 2-si informasiya agentliyidir (Apa.az, Turan.info)

Monitorinqin məqsədi bu qəzetlərin referendum mövzusuna öz səhifələrində nə dərəcədə yer ayırmasını və çap olunan yazıların istiqamətini aşkara çıxarmaqdan ibarət olmuşdur. İyulun 26-dan-avqustun 26-na qədər monitorinqin nəticələri aşağıdakı kimidir:

Qəzetin adı Referendumla bağlı yazılar-cəmi Müsbət Neytral Mənfi

Azərbaycan qəzeti 79 24 54 0

Xalq qəzeti 37 10 26 0

Бакинский рабочий 15 3 12 0

Azadlıq qəzeti 17 1 11 6

Yeni Müsavat 43 5 14 24

Xalq Cəbhəsi 12 4 1 7

525-ci qəzet 17 9 8 0

Ədalət qəzeti 29 12 17 0

Şərq qəzeti 6 0 6 0

Ictimai radio 42 28 14 0

Azadlıq radiosu

44 7 12 25

Apa.az

35 9 26 0

Turan.info 20 5 5 10

 

Cədvəldən göründüyü kimi 13 KİV-də iyulun 26-dan-avqustun 26-na qədər Referendumla bağlı 396 məlumat, məqalə, müsahibə verilib. Bunlardan 117-də Referenduma müsbət, 206-da neytral, 72-sində isə mənfi münasibət öz əksini tapıb. Referendumla bağlı bir ay ərzində ən çox məlumat Azərbaycan qəzetində (79), Azadlıq radiosu (44), Yeni Müsavat qəzeti (43) və İctimai radioda (42) verilib. Azərbaycan qəzetində verilmiş 79 məlumatdan 24-ü müsbət, 54-ü neytral, İctimai radioda verilmiş 42 məlumatdan 28-i müsbət, 14-ü neytral olduğu halda, Azadlıq radiosunda verilmiş 44 mlumatdan yalnız 7-si müsbət, 12 neytral, 25-i isə mənfi, Yeni Müsavat qəzetində verilmiş 43 məlumatdan 5-i müsbət, 14 neytral, 24-ü mənfi olmuşdur.

Müsbət hal ondan ibarətdir ki, monitorinq aparılan 13 KİV- in yönümündən asılı olmayaraq hamısında Referendumla bağlı müsbət yazılar verilib. Bundan başqa 13 KİV-in hamısında Referendumla bağlı neytral məlumatlar da geniş yer alıb. Lakin 13 KİV- in 8-ində -(Azərbaycan, Xalq, Бакинский рабочий, 525-ci qəzet, Ədalət, Şərq qəzeti, Ictimai radio, Apa.az) Referendum əleyhinə heç bir mənfi məlumat verilmədiyi halda, 5-də (Azadlıq qəzeti, Yeni Müsavat, Xalq Cəbhəsi, Azadlıq radiosu,Turan.info) mənfi məlumatlar verilmişdir ki, bunu da ölkədə olan demokratik mühitin göstəricisi hesab etmək olar.

Bir ay ərzində 13 KİV üzərində aparılmış monitorinq sübut edir ki, ölkədə fəaliyyət göstərən KİV-lərin mütləq əksəriyyəti Referenduma müsbət yanaşaraq, bunu Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, inkişafına, insan haqlarının qorunmasına yaxından kömək edəcək amil kimi qiymətləndirmişlər.

Referendum administrasiyasının fəaliyyəti

Referendum administrasiyası Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyul 2016-cı il tarixli 11/44 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na uyğun olaraq Referendum administrasiyası nəzərdə tutulmuş işləri vaxtında və lazımi səviyyədə yerinə yetirir. MSK bu günə qədər Referendumla əlaqədar 24 qərar və 8 təlimat qəbul edib.

MSK referendumla bağlı aşağıdakı qərarları və təlimatları qəbul edib:

Qərarlar

1. Qərar 10/38 – “Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənəndlərin seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat “a dəyişikliklər edilməsinə dair

2. Qərar 10/39 – “Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat ” a dəyişikliklər edilməsinə dair

3. Qərar 10/40 – “Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında Təlimat “a dəyişiklik edilməsinə dair

4. Qərar 10/41 – “Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında Təlimat “a dəyişikliklər edilməsinə dair

5. Qərar 10/42 – “Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat “a dəyişikliklər edilməsinə dair

6. Qərar 10/43 – “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təşkili haqqında Təlimat “a dəyişikliklər edilməsinə dair

7. Qərar 11/44 – “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı “nın təsdiq edilməsi barədə

8. Qərar 11/45 – 2016-ci il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) vətəndaşların referendumda iştirak hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə

9. Qərar 11/46 – 2016-ci il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə

10. Qərar 12/47 – Mərkəzi Seçki Komissiyasının 26 iyul və 27 iyul 2016-cı il tarixli iclas protokollarının təsdiq edilməsi barədə

11. Qərar 12/48 – Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə

12. Qərar 12/49 – 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə

13. Qərar 12/50 – 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair

14. Qərar 12/51 – 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası haqqında

15. Qərar 13/52 – Mərkəzi Seçki Komissiyasının 4 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə

16. Qərar 13/53 – Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı “nın icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirlərinin təşkilinə dair

17. Qərar 13/54 – 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan ” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında

18. Qərar 14/55 – Mərkəzi Seçki Komissiyasının 17 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə

19. Qərar 14/56 – 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan ” referendum üzrə təşviqat qrupunun məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə

20. Qərar 14/57 – 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan ” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması barədə

21. Qərar 14/58 – 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan ” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə

22. Qərar 14/59 – 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə ” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında

23. Qərar 14/60 – 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti ” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında

24. Qərar 14/61 – Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

 

Təlimatlar

1. Referendum üzrə təşviqat qruplarının yaradılması məqsədilə referendum üzrə təşəbbüs qruplarının formalaşdırılması haqqında Əlavə 1, Əlavə 2, Əlavə 3, Əlavə 4, Əlavə 4a, Əlavə 5

2. Referendum üzrə təşviqat qrupunun yaradılması məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqələrinin verilməsi qaydaları Əlavə 1, Əlavə 1a

3. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Əlavə 1, Əlavə 2, Əlavə 2a, Əlavə 3, Əlavə 3a, Əlavə 4, Əlavə 4a

4. Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Əlavə 1

5. Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında

6. Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında Əlavə 1, Əlavə 2

7. Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Əlavə 1, Əlavə 2

8. Qeydə alınmış (alınmamış) referendum üzrə təşviqat qruplarının aldıqları pul vəsaitlərinin geri qaytarılması qaydaları haqqında

Referendum 125 DSK, 5200 daimi, 300-ə qədər müvəqqəti, cəmi 5500-ə qədər məntəqə seçki komissiyaları üzrə aparılacaq. Hazırda seçki komissiyalarında 30 mindən çox insan fəaliyyət göstərir.

08 avqust 2016-cı il tarixdən başlayaraq 5280924 (beş milyon iki yüz səksən min doqquz yüz iyirmi dörd) bülleten çap olunması prosesinə başlanılıb. Referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilib.

Tədris proqramına uyğun olaraq 2016-cı il avqustun 18-də Bakı şəhərində dairə seçki komissiyalarının sədrləri üçün müşavirə, 22-24 avqust tarixlərində isə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib. Avqustun 18-i keçirilən tədbirdə qeyd olunub ki, ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində bərqərar olunmuş dayanıqlı ictimai-siyasi sabitlik seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə hərtərəfli şərait yaradır. Azərbaycanda seçki praktikası ildən-ilə daha da təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi hüquqi baza formalaşdırılır.

Sentyabrın 3-dən başlanacaq təşviqat kampaniyası üçün 128 açıq və 128 qapalı yer müəyyənləşdirilib.

MSK 6 avqust 2016-ci il tarixdə ümumxalq səsverməsində (referendumda) kütləvi informasiya vasitələrində referendumqabağı təşviqat aparmaq məqsədilə üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü-İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Azərbaycan” , “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərinin ayrılması haqqında qərar qəbul edib. Ödənişli referendum qabağı təşviqatla bağlı MSK-ya hələlik Report agentliyi və Azərbaycan qəzetləri müraciət edib.

Seçki məntəqələrində şəffaflığı təmin etmək üçün kameraların quraşdırılması prosesi davam edir. Əgər 2008-ci ildə seçki məntəqələrində 500 kamera quraşdırılmışdısa, bu gün 1000 kamera qoyulub. Bu da seçki məntəqələrinin 20 faizini əhatə edir.

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində ekspert qrupu yaradılıb.

Təşəbbüs qruplarının səlahiyyətli nümayəndələrinin MSK-nın iclaslarında iştirakı ilə bağlı heç bir problem müşahidə edilməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq onların MSK-nın iclaslarında iştirak etmələri üçün bütün şərait yaradılmışdır.

Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, referenduma hazırlıq və referendumun keçirilməsi ilə referendum administrasiyasının fəaliyyəti qənaətbəxş sayıla bilər. Referendum komissiyaları normal fəaliyyəti üçün bütün zəruri addımlar atılmış, əlverişli mühit yaradılmışdır. Monitorinqin nəticələri deməyə əsas verir ki, Referendum administrasiyası demokratik, azad referendumun keçirilməsi vəzifəsinin öhdəsindən gəlmək iqtidarındadır.

 

Seçici siyahılarının vəziyyəti

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 18 noyabr tarixli protokoluna əsasən seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı – 5.211.765 (beş milyon iki yüz on bir min yeddi yüz altmış beş) nəfər olmuşdur. “Seçki Məcəlləsi”nin 48.1 maddəsinə əsasən 48.1 səsvermə gününə azı 35 gün qalmış seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahıları MSK tərəfindən təqdim edilmişdir. Seçici siyahıları “Seçki Məcəlləsi”nin 46.1 maddəsinə uyğun olaraq MSK tərəfindən təsdiq edildikdən sonra MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin internet səhifəsində (www.cec.gov.az;www.infocenter.gov.az) yerləşdirilib. Seçicilər bu səhifəyə daxil olaraq öz adlarının seçici sıyahısında olub-olmadığını öyrənmək imkanı əldə ediblər. Adları seçici siyahısında olmayan vətəndaşlar müvafiq qaydada müraciət etməklə adlarının seçici sıyahısına çox qısa müddətdə daxil edilməsinə nail olmaq imkanı əldə ediblər. Bu yeni qayda və mexanizmlər 2008-ci il prezident seçkilərindən tətbiq olunmağa başlanılıb ki, bu da əvvəlki seçkilərlə müqayisədə mütərəqqi dəyişikliklər olaraq seçici sıyahılarının dəqiqləşdirilməsi və yoxlanmasında şəffaflığa, demokratikliyə nail olmağa imkan yaratmışdır. Bu dəyişikliklər eyni zamanda seçici sıyahılarının dəqiqləşdirilməsi və yoxlanmasında seçki administrasiyasının çevik, səmərəli fəaliyyət göstərməsi, əvvəllər müşahidə olunan problemlərin və bürokratik əngəllərin aradan qaldırılması istiqamətində mühüm nəaliyyət olmuşdur. Bundan əlavə “Seçkilər” İnformasiya Mərkəzində “Qaynar xətt” də yaradılıb ki, istənilən şəxs ora müraciət etməklə, istədiyi informasiyanı əldə edə bilər. Həmçinin vətəndaşlar “Qaynar xətt” vasitəsilə öz arzu və təkliflərini də bildirmək imkanına malikdirlər.

MSK saytında İnformasiya Mərkəzində hər bir seçici öz adını seçisi siyahısında olmasının müəyyən etmək üçün “Adınızı seçici siyahısında axtarın” başlıqlı ayrıca bölmə fəaliyyət göstərir.

Referendum zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan sektorunda yerləşən neft platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, hərbi hissələrdə, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında Respublikanın hüdudlarından kənarda referendumun təşkili qaydaları müəyyən olunub.

.

Təşviqat qruplarının qeydə alınması

Referendumun elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra “Seçki Məcəlləsi”nin 63.1-63.3 maddələrinə əsasən Referendum üzrə təşəbbüs qrupunun yaradılması prosesinə başlanıldı. “Seçki Məcəlləsi”nin 66.1, 66.2 maddələrinə əsasən səsvermə gününə аzı 35 gün qalmış saat 18.00-dək referendum üzrə təşviqat qrupları qeydə alınmaq üçün zəruri olan seçki sənədlərinin müvafiq seçki komissiyasına təqdim etmişlər.

“Seçki Məcəlləsi”nin 65.2 maddəsi ilə təşviqat qrupu qeydiyyata alınmaq üçün 60 DSK ərazisindən 40 min seçici imzası toplamalıdırlar. Bu halda bir seçki dairəsində olan təşviqat qrupunun potensial üzvü 100 nəfərdən az ola bilməz.

Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları “Seçki Məcəlləsi”nin 68.1 maddələrinə əsasən sənədlər qəbul edildikdən sonra 7 gün müddətində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və referendum üzrə təşviqat qrupunun qeydə alınıb-alınmaması haqqında qərar qəbul etmişdir.

Təşəbbüs qrupları ən az 500 nəfərdən ibarət olmalıdır. 500-dən çox 2 mindən az olarsa, onlar Dairə Seçki komissiyalarında qeydiyyata alınırlar və həmin qruplar yalnız respublikanın bir hissəsində təşviqat aparmaq hüququna malik olurlar. 2 min və ondan çox seçici təşəbbüs qrupu yaradırsa, onlar Mərkəzi Seçki Komissiyasında qeydə alınır və onların respublika üzrə təşviqat aparmaq hüquqları olur.

“Yeni Azərbaycan”, “Bələdiyyə”, “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupları Referendum təşviqatında iştirak etmək üçün MSK-da qeydiyyatda keçib. Digər təşəbbüs qrupları haqqında hələlik qərar qəbul edilməyib. Hələlik qeydə alınmış təşəbbüs qrupları 18 mart 2009-cu il təşəbbüs qrupları ilə müqayisədə azlıq təşkil edir. Əgər 18 mart 2009-cu il referendumunda təşviqatda iştirak etmək üçün 9 qrup qeydə alınmışdırsa (“Yeni Azərbaycan”,“Şəhər”, “Tərəqqi”,“Hüquq və Demokratiya”,“Vətəndaş Cəmiyyəti”,“Davamlı İnkişaf Naminə”, “Zəka”,“Qarabağ və Respublika Uğrunda Hərəkat”, Respublikaçılar” ) bu ilki referendumda təşviqat aparmaq üçün hələlik 3 təşviqat qrupu qeydə alınıb.

Azərbaycan sentyabrın 26-da keçiriləcək referendumu müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərib. Bu barədə APA-ya AŞ PA-dan məlumat verilib. AŞPA bürosu sentyabrın 5-də keçiriləcək növbəti iclasında bu dəvəti nəzərdən keçirəcək.

 

Nəticələr və tövsiyyələr

• Referendum ərəfəsində olduğu kimi, referendumdan sonra da regionlarda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı maarifçilik işinin genişləndirilməsinə ciddi ehtiyac var;

• Ölkədə siyasi mühitin daha da demokratikləşdirilməsi üçün iqtidar və müxalifət partiyalar arasında əvvəlki illərdə başlanmış dialoqun daha da inkişaf etdirilməsinə ehtiyac var;

• Referendumu keçirən komissiyaların təşkilinin təkmilləşdirilməsi, onun birpilləlli test imtahnının nəticələri əsasında formalaşdırılması məqsədəuyğundur;

• İctimai nəzarətin gücləndirilməsi üçün, QHT-hökumət əməkdaşlığının daha da genişləndirilməsinə ehtiyac var;

• Təşəbbüs qruplarının pulsuz efir vaxtı ilə yanaşı, ödənişli efir vaxtından da səmərəli istifadəsi üçün efir vaxtının qiymətləri, təbliğat və təşviqat üçün əlverişli hesab olunan vaxtın seçilməsi kampaniyanın daha uğurlu aparmasına kömək edə bilər;

• Prosesin daha çevik təşkili üçün Referendum administrasiyasının ən yuxarı pilləsi (MSK) səviyyəsində olduğu kimi bütün dairə və məntəqə referendum komissiyalarının da informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsinə ehtiyac var;

• Referendum təşviqatının daha fəal və geniş olması üçün maarifçilik işlərinin genişləndirilməsinə və seçici fəallığının artırılmasına ciddi ehtiyac var;

• Şikayətlərə daha operativ baxılmasını təmin etmək üçün “Seçki Məcəlləsi”ndə şikayətlərin verilməsi ilə bağlı müəyyən olunmuş 3 gün müddətinin dəyişdirilməsi və ərizələrin tərtibinin sadələşdirilməsinə ehtiyac var;

• Seçici imzalarının toplanması və müşahidəçilərin qeydiyyatdan keçməsi prosesində mövcud olan bəzi texniki problemlərin gələcəkdə baş verməməsi üçün xarici pasportlarda və sürücülük vəsiqələrində olduğu kimi vətəndaşların şəxsiyyət vəsiqələrində də etibarlılıq müddətinin göstərilməsi məqsədəuyğundur;

• Bəzi MnSK-larda müşahidəçiləri üçün yerlərin düzgün seçilməməsi narahatlıq doğurur. MSK və DSK – ların bu problemi qısa bir müddətdə həll etməsinə ehtiyac var;

• Təşviqat qruplarının “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanundan daha səmərəli istifadəsi üçün qanunun tətbiqi praktikası üzərində ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir;

• Referendum keçirilməsi sahəsində beynəlxalq tərcübənin vətəndaşlar arasında geniş yayılmasına, xüsusilə regionlarda bu işə diqqətin artırılmasına böyük ehtiyac var və s.