1003 nəfər Xocalı sakini əsirlikdən azad edən Milli Qəhrəman Allahverdi Bağırova büst qoyulub. Qeyd edək ki, Milli Qəhrəmanın qızları Aynur və Zümrüd Bağırovalar bir müddət öncə Modern.az-a müsahibələrində atalarının xatirəsinin əbədiləşdirilməməsindən gileylənmiş və saytımız vasitəsilə aidiyyatı qurumlara səslənərək, kömək istəmişdilər….
1003 nəfər Xocalı sakini əsirlikdən azad edən Milli Qəhrəman Allahverdi Bağırova büst qoyulub. Qeyd edək ki, Milli Qəhrəmanın qızları Aynur və Zümrüd Bağırovalar bir müddət öncə Modern.az-a müsahibələrində atalarının xatirəsinin əbədiləşdirilməməsindən gileylənmiş və saytımız vasitəsilə aidiyyatı qurumlara səslənərək, kömək istəmişdilər. Onların istəyi nəhayət yerinə yetirildi.
Modern.az saytının xəbərinə görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlarımızın şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri, İcra Hakimiyyətinin məsul işçiləri, deputat Madər Musayev, Milli Qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyev, fəal gənclər, hərbçilər, məktəblilər, ictimaiyyətin digər nümayəndələri iştirak edib.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov ərazi bütövlüyümüz uğrunda sinələrini sipər etmiş qəhrəmanlarımızın daim dövlətin diqqətində olduğunu bildirib.
Çıxışlardan sonra icra başçısının birinci müavini İlqar Süleymanov deputat Madər Musayev, Milli qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyevlə birlikdə abidəni açıblar.
Açılışdan sonra mərasimdə Milli Qəhrəman Mirzə Quliyev, Milli Qəhrəman Rasim İbrahimovun oğlu Nizami İbrahimov, Milli Qəhrəman Allahverdi Bağırovun qızı Aynur Bağırova, Milli Qəhrəman Elxan Zülfüqarovun bacısı Naridə Zülfüqarova Ali Baş Komandan İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Onlar bu parkın açılışı və büstlərin qoyulmasını qeyd olunan ehtiramın bariz göstəricisi kimi səciyyələndirdilər.
Bu Milli Qəhrəmanların büstünün açılışı olub: Allahverdi Bağırov, Vəzir Sədiyev, Fərhad Hümbətov, Rasim İbrahimov, Elxan Zülfiqarov, İbrahim Məmmədov,Famil İsgəndərov, Muxtar Qasımov.
/Modern.az/