Ter-Tadevosyan: Ermənistan Azərbaycana hücum etməyə hazırlaşır

“Sadəcə ağır zərbə endirmək lazımdır”…

“Sadəcə ağır zərbə endirmək lazımdır”.

Erməni qüvvələri Azərbaycan tərəfə ağır zərbələr endirməyə hazırlaşır, bu istiqamətdə hazırlıq işləri gedir.

Oxu.Az xəbər verir ki, bu barədə ehtiyatda olan general-mayor Arkadi Ter-Tadevosyan Radio Azatunyanda söhbət zamanı deyib və qeyd edib ki, onda bu haqda məlumat var.

Xatırladaq ki, iyunun 5-i Naxçıvan Muxtar Respublikası ilə sərhəddə iki erməni hərbçisi – 26 yaşlı Andranik Yeqonyan və 22 yaşlı Boris Qasparyan öldürülüb.

Baş verənlər Ermənistanda ictimai rezonans doğurdu.

“Vəziyyətin kəskinləşməsi Azərbaycan üçün ağır nəticələr verəcək”, – bu bəyanatı növbəti gün ATƏT-in cari sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşdə Ermənistanın müdafiə naziri Seyran Oqanyan deyib.

“Əgər bizimkilər yaxın gələcəkdə cavab zərbəsi endirməsələr, azərbaycanlılar zəiflədiyimizi düşünəcəklər. Sadəcə zərbə endirmək, ağır zərbə endirmək lazımdır. Mən sadəcə gözləmirəm, həm də bilirəm ki, bu zərbə hazırlanır”, – Radio Azatunyan ilə söhbətdə Arkadi Ter-Tadevosyan deyib.

Ter-Tadevosyanın sözlərinə görə, Rusiyadan silah almaqla və sərhəddə belə addımlar atmaqla Azərbaycan Ermənistana və beynəlxalq ictimaiyyətə təsir etmək istəyir. Bütün bunlar isə danışıqlar zamanı Bakının istəklərinin nəzərə alınması üçün edilir”.

“Məqsəd müharibə başlatmaq deyil. Azərbaycanın öhdəçiliklərini və yaxın illər üçün nəzərdə tutulmuş beynəlxalq enerji layihələrini, eləcə də erməni tərəfinin silahlarını, qüvvələrin mütənasibliyini, erməni-Rusiya sazişlərini, Qarabağda vəziyyəti güc tətbiqi ilə dəyişmək barədə istənilən addıma dünya ictimaiyyətinin – ABŞ, Avropa İttifaqı və İranın neqativ yanaşmasını nəzərə alsaq, düşünmürəm ki, Bakı müharibəyə başlamaq məqsədini güdə”, – ehtiyatda olan general deyib.

O əmindir ki, Azərbaycanın təkbaşına Cənubi regionda qüvvələrin mütənasibliyini dəyişmək üçün resursu yoxdur, müharibəyə başlamaq isə mövcud maraqları iqnor etmək və mövcud vəziyyəti dəyişmək deməkdir.

www.oxu.az