Milli Qəhrəmanımızın doğum günüdür

İgidliyə görə ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilib…

İgidliyə görə ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilib.

Bu gün Milli Qəhrəman Vüqar Hüseynovun doğum günüdür.

Oxu.Az xəbər verir ki, Vüqar Tofiq oğlu Hüseynov 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1986-87-ci illərdə Bakıda 14 nömrəli texniki peşə məktəbində təhsil alıb. 1987-89-cu illərdə Ukraynada ordu sıralarında hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra “Kirovneft” NQCİ-də elektrik-qaz qaynaqçısı işləyib.

1990-cı ilin oktyabr ayında vətənə, xalqa sədaqətini, bağlılığını göstərmək, erməni cəlladlarına qarşı gedən döyüşlərdə iştrak etmək üçün DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsinin sıralarına daxil olub. Bir çox döyüşlərdə qəhrəmanlıq göstərib, dostları arasında hörmət qazanıb. Son döyüşə 1991-ci ilin iyul ayının 20-də gedib. Həmin gün erməni silahlı qüvvələri Goranboy rayonunun Buzluq kəndi tərəfdən dinc sakinləri və XTMD-nin mövqeyini müxtəlif təyinatlı silahlardan atəşə tutublar. Bu vaxt gözətçi postunda duran Vüqar Hüseynov silahdaşları ilə birgə düşmən mövqelərinə hücuma keçib və onlara layiqli cavab veriblər. Həmin döyüşdə Vüqar Hüseynov xüsusi qəhrəmanlıq göstəribvə düşmən gülləsinə tuş gələrək əbədiyyətə qovuşub.

Ölümündən beş ay sonra 1991-ci il dekabrın 18-də Qarabağı qan çanağına döndərən imperiya prezidentinin fərmanı ilə baş serjant Vüqar Hüseynova xidməti vəzifəsini icra edərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Qırmızı Ulduz”ordeni verilib. Daha sonra 1992-ci il 6 iyun Azərbaycan Respublikası prezidentinin 831 saylı fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Doğulduğu Cəbrayıl rayonunun Daşkəsən kəndində dəfn edilib.

Oxuduğu orta məktəb onun adını daşıyır.

Qeyd edək ki, o ailə həyatı qurmamışdı, subay idi. ‘

www.oxu.az