“The Hill” qəzeti: Amerikanın lider olmaması qlobal qeyri-sabitlik yaradır

“Vaşinqton “Ərəb baharı”nın “ədəbsizliyini” unudaraq Azərbaycanı tənqid edir”…

“Vaşinqton “Ərəb baharı”nın “ədəbsizliyini” unudaraq Azərbaycanı tənqid edir”.

Amerikada çıxan nüfuzlu “The Hill” qəzetində Amerika Yəhudilər Komitəsinin ictimaiyyətlə iş şöbəsinin keçmiş rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Ceyson Katsın “Amerikanın lider olmaması qlobal qeyri-sabitlik yaradır” sərlövhəli məqaləsi dərc edilib http://thehill.com/blogs/congress-blog/foreign-policy/217930-americas-lack-of-leadership-is-feeding-global-instability). 

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, C.Katsın yazdığına görə, qlobal qeyri-sabitliyin artması ilə əlaqədar, Amerikanın liderliyinin bərpa edilməsi zəruridir. O bildirir ki, superdövlətin hərəkətləri realist olmalı, ölkənin strateji maraq və hədəflərinə yönəlməlidir. 

Müəllifin fikrincə, son illərdə Amerika yanlış qərarlar qəbul edir. Məsələn, Qəzzə bölgəsində seçkilərə kömək nəticəsində “Həməs” qrupunun hakimiyyətə gəlməsi və İsrail ilə hərbi qarşıdurma; amerika qoşunlarının İraqdan təcili çıxarılması, Misirdə “Müsəlman qardaşlar” partiyasının hakimiyyətə gətirilməsi, “İraq Şam İslam Dövləti”nə layiqincə cavab verilməməsi və s.

C.Kats yazır ki, Amerika öz dostlarını düşmənlərindən ayırmağı bacarmır. Azərbaycanı kövrək geosiyasi tarazlıq yaranmış Avrasiya məkanında əsas oyunçu hesab edən ekspertin fikrincə, Gürcüstanın iqtisadi baxımdan asılı olduğu Azərbaycan Mərkəzi Asiyanın enerji ehtiyatlarının Qərbə nəql edilməsi üçün tranzit marşrutdur. Eyni zamanda, Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq edir.

Müəllif yazır ki, Vaşinqton “Ərəb baharı”nın “ədəbsizliyini” unudaraq Azərbaycanı tənqid etməyə həvəs göstərir. Bu tənqidin bir qismi erməni fəallarının hərəkətlərindən irəli gəlir. C.Katsın fikrincə həmin fəallar Ermənistan dövlətinin açıq-aydın uğursuzluqlarını görməzliyə vurur, Azərbaycanın qüsurlarını qabartmağa çalışırlar. Ermənistanın “vassal dövlətə” çevrilməsi göz qabağında olduğu halda onun özünü hansı əsasla “müstəqil dövlət” adlandırmasını anlamaq çətindir. Hələ üstəlik, həmin fəallar belə bir dövlətlə dünya birliyi tərəfindən Azərbaycanın qanuni ərazisi kimi tanınan, Ermənistan tərəfindən qanunsuz işğal edilmiş Dağlıq Qarabağ bölgəsində “ ikinci erməni dövləti” yaratmağa çalışırlar.

Ekspert daha sonra ABŞ hökuməti tərəfindən amerikalı vergi ödəyicilərinin hesabına maliyyələşdirilən “Azadlıq” radiosunun fəaliyyətinə şübhə ilə yanaşır. Bu radio Amerikanın milli maraqlarının ziddinə olaraq, daim Azərbaycanı tənqid edir. Nə qədər qəribə olsa da, ABŞ ilə daha sıx əlaqələrin lobbiləşdirilməsi üçün pul xərcləyən xarici ölkələri tənqid edənlər heç vaxt özlərinə belə bir sual vermirlər: “Amerikalı vergi ödəyiciləri  nə üçün milyonlarla vəsaiti Praqda yerləşən nəhəng təşkilata xərcləyir və bizim dostlarımız olan ölkələrin rəhbərlərini tənqid etmək üçün yüzlərlə əcnəbiyə əlavə müavinətlər ödəməklə işə cəlb edirlər”?.

C.Kats məqalənin sonunda Amerikanı ölkənin nüfuzuna ziyan vuran məhdud dünya görüşündən əl çəkməyə, vaxtı ilə ABŞ-ı superdövlətə çevirmiş strateji və məsuliyyətli qlobal liderliyə qayıtmağa çağırır.

www.oxu.az