SOCAR Bolqarıstanın qaz şirkətləri ilə əməkdaşlıq edəcək

İki sənəd imzalanıb…

İki sənəd imzalanıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev“Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü münasibəti ilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Bakıda səfərdə olan “Bulqartransqaz” və “Bulqarqaz” şirkətlərinin rəhbərlərini qəbul edib.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, R. Abdullayev Azərbaycanla Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini söyləyib, Bolqarıstan prezidentinin “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində və “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində iştirak etməsini bu münasibətlərin parlaq təzahürü kimi qiymətləndirib. 

Bakıdakı təntənəli mərasimlərin yüksək səviyyədə təşkil olunduğunu bildirən qonaqlar Azərbaycan təbii qazının Bolqarıstana tezliklə nəql edilməsində maraqlı olduqlarını vurğulayıblar.

Sonra SOCAR ilə Bolqarıstanın qaz şirkətləri arasında iki sənəd imzalanıb. SOCAR və “Bulqartransqaz” arasında Anlaşma Memarandumu SOCAR-ın prezidenti R. Abdullayev və “Bulqartransqaz” şirkətinin baş direktoru Kiril Temelkov tərəfindən imzalanıb.

SOCAR və “Bulqarqaz” şirkəti arasında niyyət protokoluna isə R. Abdullayev və “Bulqarqaz” şirkəti Direktorlar Şurasının rəhbəri Botyo Velinov imza atıblar.

www.oxu.az