AŞPA sədri: Ukrayna böhranı ilə Dağlıq Qarabağ münaqişəsi fərqlidir

“Ruslar olmadan həll yollarını tapa bilmərik”…

“Ruslar olmadan həll yollarını tapa bilmərik”.

Ukrayna böhranı ilə Dağlıq Qarabağ münaqişəsi fərqli məsələlərdir. Rəsmi Moskva Krımı Rusiyaya birləşdirib və bu, beynəlxalq hüququn pozulması ilə baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassör Bakıda keçirdiyi mətbuat konfransında “AŞPA-nın Ukrayna böhranı ilə bağlı Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi haqqında qərarı Ermənistana qarşı niyə qəbul edilmir” sualını cavablandırarkən deyib.

O bildirib ki, Krımın birləşdirilməsindən sonra AŞ PA Rusiyanı səsvermə hüququndan məhrum etsə də, bu ölkənin mandatına xitam verilməyib: “Biz müzakirələrin davam etdirilməsi imkanını saxladıq. Ruslar olmadan həll yollarını tapa bilmərik “.

Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə A. Brassör Dağlıq Qarabağ problemi ilə Ukrayna böhranının fərqli məsələlər olduğunu, quruma üzv bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib.

“Əsas fərq Krımın Rusiyaya birləşdirilməsidir. Amma bu o demək deyil ki, Dağlıq Qarabağdakı vəziyyət qəbulediləndir”, – deyə o vurğulayıb.

19:52

Azərbaycan qaydalara uyğun olaraq, bu il Avropa Şurasında sədrlik edir, ənənəvi olaraq AŞPA-nın komitə iclasları da sədrlik edən ölkələrdə keçirir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör deyib.

A. Brassör səfəri çərçivəsində həbsdə olan İlqar Məmmədov və Tofiq Yaqublu ilə də görüşüb.

Onun sözlərinə görə, səfəri zamanı prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib: 

“Parlamentdə keçirdiyim görüşlərdə əsasən Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələr apardıq. Ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz, bu prinsipə bütün Avropa Şurasına üzv ölkələrdə hörmət göstərilməlidir.  Bu münaqişənin həlli üçün Minsk Qrupu yaradılıb. AŞPA-da da Ermənistan və Azərbaycan nümayəndə heyətləri fəaliyyət göstərirlər. AŞPA -da müzakirələr və dialoq yolu ilə bu münaqişənin nizamlanmasına öz töhfəsini verə bilər”.

Xanım Brassör deyib ki, onun görüşlərində müzakirə etdiyi digər məsələ Avropa standartlarına, Avropa Şurası qarşısındakı öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olub: “Avropa Şurasının əsas üç prinsipi var: demokratiya, qanun aliliyi və insan hüquqları. Bununla bağlı üzv olan 47  dövlətin hamısında nöqsanlar mövcuddur. Azərbaycanda da hələ də bir sıra nöqsanlar var. Ona görə də Avropa Şurası tənqid edirsə,  bu ölkədəki problemlərin həlli üçün həm də bir yardımdır”.

 

/pxu.az/