İlham Əliyev Vladimir Putinlə görüşdü – YENİLƏNİB

Prezident sammitdə çıxış edib…

Prezident sammitdə çıxış edib.

Həştərxanda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya Federasiyası prezidenti Vladimir Putin arasında görüş keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, dövlət başçıları arasında keçirilən görüşdə iki dövlət arasında olan münasibətlər, IV Xəzər sammitinin yekunları müzakirə olunub.

V. Putin dünya iqtisadiyyatının problemlərinə baxmayaraq Rusiya və Azərbaycan münasibətlərinin ən həssas sahələrdə belə aktiv inkişaf etdiyini söyləyib: “İki dövlət arasında münasibətlər hər zaman dostluq, etimad əlaqələri kimi inkişaf edib. Dünya və Rusiya iqtisadiyyatının bəzi problemlərinə baxmayaraq həmin əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən ən həssas sahələrdə inkişaf edib”.

17:40

Regional təhlükəsizliyə əsas təhdid Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətidir. 

Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda IV Xəzər sammiti çərçivəsində keçirilən geniştərkibli görüşdə çıxışı zamanı deyib.
 
İlham Əliyev bildirib ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon 20 ildən artıqdır işğal altındadır: “Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan onlara əməl etməməkdə davam edir və münaqişə həll edilməmiş qalır”.
 
Prezident qeyd edib ki, münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyü əsasında həll edilməlidir: 

“Təəssüf ki, Ermənistandakı mövcud diktatura rejimi müasir dünyanın reallıqlarını ayıq şəkildə qiymətləndirməyə və beynəlxalq hüquq normalarını adekvat qəbul etməyə qadir deyil”.
 
Dövlət başçısı deyib ki, Ermənistan rejimi öz cəmiyyətində Azərbaycana nifrət hissi aşılayaraq Azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırıb, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi səciyyələndirərək münaqişənin uzanmasının mümkün nəticələrinə görə məsuliyyət daşıyır. (Trend)

17:39

Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti işə başlayıb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Sammitdə iştirak edir.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi, İran Prezidenti Həsən Ruhanini, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi və Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədovu qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Həştərxan Sammitində Xəzər hövzəsinin müasir hüquqi statusunun formalaşdırılması məsələləri, dənizdə təhlükəsizliyin möhkəmləndirilməsi və ümumi çağırışlara qarşı birgə fəaliyyət, Xəzərin nadir təbii mühitinin və bioloji resurslarının qorunması, aktual regional və beynəlxalq məsələlər müzakirə ediləcək. Dövlət başçıları bundan əvvəl keçirilən sammitlərdə qəbul edilən qərarların yerinə yetirilməsinin yekunlarına nəzər salacaq, Xəzəryanı ölkələr arasında əlaqələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcəklər.

Xəzəryanı ölkələrin dövlət başçılarının birinci sammiti 2002-ci ildə Aşqabadda, ikincisi 2007-ci ildə Tehranda, üçüncüsü isə 2010-cu ildə Bakıda keçirilib.

12:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək üçün sentyabrın 29-da Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərə gedib.

Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Həştərxan şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

 

/Oxu.az/