Vahid Əhmədov: Büdcədə neftin qiymətinə yenidən baxılması qaçılmazdır

“Azərbaycan neftinin qiymətində də ucuzlaşma ehtimalı istisna deyil”…

“Azərbaycan neftinin qiymətində də ucuzlaşma ehtimalı istisna deyil”.

Dünya birjalarında neftin qiymətinin ucuzlaşması prosesi gedir. Azərbaycanın dövlət büdcəsinin böyük hissəsinin məhz neft satışından gələn gəlirlər hesabına formalaşması ucuzlaşma prosesinin Azərbaycana təsirsiz ötüşməyəcəyini söyləməyə əsas verir.Prosesin ciddiliyini artıq hakimiyyət də nəzərə almağa başlayıb.

Oxu.Az Musavat.com saytına istinadən xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da hesab edir ki, neftin ucuzlaşmasının mənfi təsirlərini minimuma endirmək üçün bir sıra addımlar atılmalıdır və ölkə başçısının göstərişi yerində verilib:

“Azərbaycan neftinin qiymətində də ucuzlaşma ehtimalı istisna deyil. Bu proses bütün dünyada gedir. Azərbaycan nefti də ucuzlaşa bilər. Güman edirəm ki, 2015-ci ilin müəyyən olunmuş büdcəsində neftin qiyməti 85-90 dollar arası olacaq. Nazirlər Kabineti keçirdiyi son iclasında neftin qiymətinə xüsusi diqqət yetirilməli olduğunu deyib. Neftin dünya bazarında qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına da təsir göstərəcək. Bizim ölkə üçün neftin dünya bazarında qiyməti əhəmiyyətlidir.

Çünki Azərbaycan ixracatının 95%-i neft sektorunun payına düşür. Bu o deməkdir ki, Azərbaycanın ixrac etdiyi hər 100 dollardan 94 dolları neft məhsullarıdır. Nazirlər Kabineti ilə keçirilən müşavirədə də ölkə prezidenti Azərbaycanın ümumdaxili məhsulda qeyri-neft sektorunun payının artmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında neft sektorunun payının yüksək olaraq qaldığını bildirib. Dövlət başçısı qeyri-neft sektorunun ixracatının stimullaşdırılması ilə bağlı göstərişlər də verib”.

Deputat hesab edir ki, qısa müddətdə neftin dünya bazarında qiymətinin aşağı düşməsi isə  Azərbaycan dövlət büdcəsinə ciddi təsir göstərməyəcək. Çünki bu ilin ilk səkkiz ayında Azərbaycan neftinin satış qiyməti hər barel üçün 110 dollar olub. Növbəti aylarda qiymət aşağı düşsə belə, dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac qalmayacaq. Çünki əvvəlki yüksək qiymət hesabına aşağı qiyməti balanslaşdırmaq mümkün olacaq. 2015-ci ilin dövlət büdcəsində isə neftin qiymətinə yenidən baxılması artıq qaçılmazdır:

“Bunu ölkə başçısı da dedi ki, büdcədə neftin qiyməti dünya bazarındakı real vəziyyətə uyğun olaraq müəyyənləşdirilməlidir”.

www.oxu.az