İlham Əliyevin Tacikistana rəsmi səfəri başa çatdı

Azərbaycan Prezidentini Tacikistan dövlətinin başçısı Emoməli Rəhmon yola salıb…

Azərbaycan Prezidentini Tacikistan dövlətinin başçısı Emoməli Rəhmon yola salıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri başa çatıb.

Oxu.Az-ın AzərTac-a istinadən məlumatına görə, Düşənbə Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan dövlətinin başçısı Emoməli Rəhmon yola salıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Tacikistana ötən gün səfər etmişdi. İki ölkə arasında hökumətlərarası sazişlər imzalanıb.

19:45

Azərbaycan prezidenti İlham Əliyev Tacikistanın baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında prezident İlham Əliyevin bu səfərinin əlaqələrimizin daha da dərinləşdirilməsində böyük rol oynayacağı qeyd olunub, səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulanıb.

15:31

Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub.

Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsi”ni Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Tacikistanın səhiyyə və sosial müdafiə naziri Salimzoda Nusratullo imzaladılar.

“Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Tacikistan Elmlər Akademiyasının prezidenti Farxod Rahimi imzaladılar.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Daha sonar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib.

Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi keçirilib.

Universitetin rektoru Mahmadyusuf İmomov bu ali təhsil ocağının Elmi Şurasının Azərbaycan Prezidentinə Fəxri Doktor adının verilməsi və Elmi Şuranın fəxri üzvü seçilməsi ilə bağlı qərarını oxudu.

Sonra Azərbaycan Prezidentinə Fəxri Doktor diplomu və mantiyası təqdim olundu.

Dövlətimizin başçısı universitetin professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etdi.

11:26

Oktyabrın 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

11:15

Tacikistan Respublikasına rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 16-da Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.

Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycanın və Tacikistanın dövlət himnləri səslənib.

Azərbaycan Prezidenti Tacikistan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

22:55 – 15 oktyabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tacikistan Respublikasına rəsmi səfər edib. 

Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın və Tacikistanın dövlət bayraqlarının dalğalandığı Düşənbə Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Tacikistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.

www.oxu.az