QHT və qrant qanunlarında yenilik təklifləri müzakirə olundu

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi rəsmi açıqlama yayıb…

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi rəsmi açıqlama yayıb. musavat.com-a daxil olan məlumata görə, açıqlamada deyilir ki, oktyabrın 16-da şura Milli Məclis, Ədliyyə Nazirliyi və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin dialoqunu təşkil edib. Tədbirdə QHT və qrant qanunlarına əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.
Toplantını açan şura sədri, deputat Azay Quliyev Milli Məclisin 17 oktyabr iclasında müzakirəyə çıxarılacaq layihəyə əvvəlcə bu formatda baxılmasının müxtəlif mövqelərin uzlaşdırılmasına xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Təklif olunan əlavə və dəyişikliklərin müəllifi, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi haqqında ətraflı məlumat verib, QHT sektorunda maliyyə şəffaflığının və layihələrin səmərəliliyinin təmin olunmasının vacib olduğunu deyib.
Deputat Fəzail Ağamalı əvvəlki illərlə müqayisədə ölkə QHT-lərinin daha peşəkar fəaliyyət göstərdiyini və bunun ciddi inkişaf göstəricisi olduğunu qeyd edib. O, xarici donorların verdiyi qrantların Azərbaycan dövlətçiliyinə mümkün mənfi təsirinin qarşısının alınması üçün Milli Məclisin və QHT-lərin əməkdaşlığının zəruri olduğunu vurğulayıb. Deputat yerli təşkilatların rahat fəaliyyət göstərməsi üçün QHT Şurasına daha artıq vəsaitin ayrılmasını təklif edib.
Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin rəisi Rahim Rəhimov hazırda 17 dövlət qurumunun QHT-lərə qrant verdiyini deyərək ölkə üzrə ümumi qrant portfelində dövlət vəsaitinin 65 faiz həcmində olduğunu qeyd edib. İdarə rəisi nazirliyin yaxın zamanlarda QHT-lərə göstərilən xidmətin elektronlaşması işini tam yekunlaşdıracağını və bununla da bir sıra mövcud texniki problemlərin aradan qalxacağını deyib.
Müzakirələrdə QHT rəhbərləri Hafiz Həsənov, Novella Cəfəroğlu, Rəşid Hacılı, Mirvari Qəhrəmanlı, İlqar Hüseynli, Mirəli Hüseynov, Sahib Məmmədov, Umud Mirzəyev, Azər Mehtiyev, Abil Bayramov, Əliməmməd Nuriyev, Rauf Zeyni, Vüqar Bayramov, Səadət Bənənyarlı və digərləri çıxış edərək qanuna təklif olunan əlavə və dəyişikliklərə münasibət bildirib və onları narahat edən məsələlərə toxunublar. QHT nümayəndələri şəffaflıq və hesabatlılıqla bağlı problemlərin aradan qaldırılmasında dövlətin mövqeyini bölüşdüklərini, lakin QHT sektoruna dövlət büdcəsindən ayrılan vəsaitlərin ehtiyaclara uyğun olaraq artırılmasının və onların əməkdaşlıq etdikləri donorlarla iş birliyinə xələl gəlməməsinin vacib olduğunu deyiblər.
Komitə sədri Əli Hüseynli müzakirələrin faydalı olduğunu, qanunlara təklif olunan əlavə və dəyişikliklərin QHT-lərlə deyil, donorlarla bağlı olduğunu qeyd edərək narahatlığa ciddi əsas olmadığını söyləyib. O həmçinin qeyd edib ki, səslənən bütün fikir və təkliflər araşdırılacaq və mümkün olanlar nəzərə alınacaq.
/Musavat/