Ziyafət Əsgərov: Qarabağa görə hansısa ittifaqa üzv ola bilmərik

“Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır”…

“Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır”.

Azərbaycanın Rusiya ilə həm iqtisadi, həm də humanitar sahədə yaxşı münasibətləri var. Biz ikitərəfli münasibətlərə həmişə üstünlük vermişik.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərovdeyib.
 
Z.Əsgərov bildirib ki, Azərbaycanın Avropa İttifaqı və Avropa Parlamenti ilə də yaxşı münasibətləri mövcuddur: “Biz fərq qoymuruq ki, kiminləsə daha üstün münasibətlər quraq. Azərbaycan inkişafın elə mərhələsindədir ki, bir çox dövlətin, o cümlədən Rusiyanın ölkəmizə marağı artıb. Sözsüz ki, xarici siyasətimizi milli maraqlar üzərində qururuq”.
 
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqına qoşulmamasının səbəblərinə toxunan Z.Əsgərov qeyd edib ki, Azərbaycan ikitərəfli münasibətlərə üstünlük verir. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulacağı təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyi haqda fikirlərə Z.Əsgərovun münasibəti belə olub: “Qarabağa görə hansısa ittifaqa üzv ola bilmərik. Qarabağ elə bir məsələdir ki, onunla alver etmək olmaz. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın əzəli torpaqlarıdır. Biz kiminsə qarşısında belə bir məsələ qoymamışıq ki, hansısa ittifaqa girək, sora Qarabağı bizə versinlər”.
 
Z.Əsgərov onu da əlavə edib ki, xüsusi irəliləyiş olmasa da Azərbaycan və Ermənistan prezidentlərinin hər bir görüşünün əhəmiyyəti var: “ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ danışıqları ilə bağlı səyləri artırmalıdırlar. Amma Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Danışıqlar Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlarından Ermənistan silahlı bölmələrinin çıxarılması şərti müstəvisində gedir”.

www.oxu.az