İlir Metan Bakıdadır

Səfər üç gün davam edəcək…

Səfər üç gün davam edəcək.

Bu gün Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyətinə Albaniya-Azərbaycan Dostluq Qrupunun sədri Luan Rama, millət vəkili Ben Bluşi, spikerin müşaviri Ralf Cyoni, Tirana Politexnik Universitetinin rektoru Yorcak Kacani daxildir.

Albaniya nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb. Oktyabrın 22-ə qədər davam edəcək səfər çərçivəsində heyət oktyabrın 20-də Fəxri Xiyabanda Heydər Əliyev məzarını ziyarət edəcək, Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyacaq. Həmin gün Albaniya parlamentinin sədri İ. Meta öncə Milli Məclisin sədri Oqtay Əsədovla təkbətək, daha sonra isə geniş tərkibli görüş keçirəcək. Oktyabrın 20-də Albaniya nümayəndə  heyətinin baş nazir Artur Rəsizadə ilə görüşü də planlaşdırılır. Daha sonra Dövlət Bayrağı Meydanı  Kompleksi ilə tanış olacaq Albaniya parlamentinin sədrinin şərəfinə O. Əsədov tərəfindən rəsmi ziyafət veriləcək.

Oktyabrın 21-də Albaniya parlamentinin sədrinin xarici işlər naziri Elmar Məmmədyarovla və Bakı Dövlət Universitetinin rəhbərliyi  ilə görüşü, İçərişəhərlə tanışlığı nəzərdə tutulub. Oktyabrın 22-də isə Albaniya nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olacaq. Bununla da Albaniya nümayəndə heyətinin Azərbaycana rəsmi səfər proqramı başa çatacaq. 

Azərbaycana səfərə gələn İlir Meta bir sıra bəyanatlar da verib. 

“Azərbaycan Albaniya üçün strateji tərəfdaşdır”, – deyə, o bildirib. 

İ.Meta deyib ki, Albaniya parlamentinin sədri kimi ilk dəfədir ki, Azərbaycana rəsmi səfər edir. 

O, Albaniya parlamentinin ondan öncəki spikerinin də Azərbaycana səfər etdiyini xatırladıb: 

“Bu səfər Azərbaycanla əlaqələrin intensevləşməsi yönündə Albaniyanın böyük siyasi iradə olmasının göstəricisidir. Çünki Albaniya üçün Azərbaycan ölkənin gələcək inkişafı nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır”.

İ.Meta Albaniya və Azərbaycan əlaqələri baxmından TAP layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb: 

“Bu kəmər məhz Albaniyadan keçərək Avropa Birliyi ölkələrinə çəkiləcək.  Amma TAP Albaniya və Azərbaycanı birləşdirən yeganə layihə deyil.  Albaniyada investisiya yatıran və hazırda investisiya yatırmaq istəyən Azərbaycan şirkətləri var. Azərbaycan şirkətləri Albaniyada enerji, infrastruktur və turizm kimi sahələrə invvestisiya yatırır və bu da ölkələr arasında iqtisadi əlaqələrdə böyük potensialın olduğuna dəlalət edir”.

Albaniya parlamentinin sədri səfər çərçivəsində Tirana Politexnik Universiteti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcəyini açıqlayıb: 

“Mən bunu böyük məmnuniyyətlə gözləyirəm. Çünki əməkdaşlığımız nöqteyi-nəzərindən təhsil böyük potensial vəd edir. Bakıda olduğuma çox sevinirəm. Əminəm ki, parlamentlər arasında əlaqələrin bu şəkildə inkişafı həm dövlətlərimiz, həm də xalqlarımız arasında əlaqələrin inkişafına töhfə verəcək”.

www.oxu.az