Cəzaçəkmə Müəssisələrində dini ekstremizm və radikalizmə qarşı mübarizə

Özlərini İŞİD dini təşkilatı adlandıran terror qruplaşmasının dünyanın böyük gücləri ilə kəllə-kəlləyə gəlməsi dini ekstremizmin bütün dünya üçün nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Bu həyəcan təbilindən sonra bir çox ölkələrdə dini ekstremizmə qarşı mübarizə canlanmağa başladı…

Özlərini İŞİD dini təşkilatı adlandıran terror qruplaşmasının dünyanın böyük gücləri ilə kəllə-kəlləyə gəlməsi dini ekstremizmin bütün dünya üçün nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Bu həyəcan təbilindən sonra bir çox ölkələrdə dini ekstremizmə qarşı mübarizə canlanmağa başladı. Azərbaycanda bu istiqamətdə işlərin aparılması – ötən ay 26 nəfər müxtəlif terror qruplaşmalarında iştirak etmiş İŞİD-çinin həbs edilməsi bizim ölkəmizdə də dini ekstremistlərin ciddi təhlükə yaratdıqlarını deməyə əsas verir.

            Məlumdur ki, bir çox qeyri – ənənəvi dini cərəyanların yayılması üçün ən münbit məkanlardan biri də cəzaçəkmə yerləridir. Cəzaçəkmə Müəssisələrindəki qeyri-ənənəvi dini  təşkilatların liderləri məhkumları öz sıralarına çəkmək məqsədilə qeyri-formal həbsxana iyerarxiyasında öz mövqelərini möhkəmləndirmək, məhkumlar arasında ekstremist fikirlərin yayılması üçün  radikal cərəyanların ideologiyasından aktiv şəkildə istifadə edirlər.  Məhz bu səbəbdən bir çox ölkələrdə, o cümlədən MDB məkanında – Qırğızıstan, Rusiya, Tacikistan və sair ölkələrin penitensiar sistemlərində artıq dini ekstremizmə qarşı müəyyən fəaliyyət planları hazırlanmşdır. Bu fəaliyyət planlarına hətta ictimai sektor təmsilçiləri də cəlb edilmişlər.

            Britaniya hökuməti həbsxanalarda dini ekstremizm fəaliyyətlərinin baş qaldırmasında narahatçılğını ifadə etmişdir. Bildirilir ki, hal-hazırda Britaniya həbsxanalarında yüzlərlə ekstremist düşüncəli məhkumlar var amma həbsxana rəsmiləri məhkumlarla daimi olaraq əlaqə saxlayaraq onların hər hansı terrorist qruplaşmalarına qoşulmalarının qarşısını almağa çalışır. Azərbaycanda da hazırda belə bir narahatçılıq var və Cəzaçəkmə Müəssisələrində çox sayda belə məhkumların olması faktı istisna deyil. Hesab edirik ki, cari ilin mart ayında Cinayət Məcəlləsində edilmiş dəyişikliklər, o cümlədən 283-1 (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, belə qruplarda iştirak etmə) saylı maddənin əlavə edilməsi cəzaçəkmə müəssisələrində belə məhkumların sayının artmasına səbəb ola bilər ki, bu da problemin ciddiliyini bir daha da aktuallaşdırır.  

            Xatırladaq ki, din məhkumların islah prosesinin ən əsas komponentlərindən biri sayılır və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 13-cü maddəsi məhkumların dini etiqad azadlığının təmin olunmasını nəzərdə tutur. Bu normaya uyğun olaraq Cəzaçəkmə Müəssisələrində məhkumların ibadətinə, dini ayinlərin icrasında iştirakına şərait yaradılır. Lakin Cəzaçəkmə Müəssisələrində dini təhsillə bağlı vəziyyət ürəyaçan deyil. Bir çox ölkələrdə, xüsusilə Avropa ölkələrində “Həbsxana kapellanlığı ” institutu mövcuddur. Azərbaycanda bu institutun tətbiq edilməməsinin – cəzaçəkmə müəssisələrində din xadimlərinin məhkumların dini təhsili ilə məşğul olmamasının, müxtəlif dinləri təmsil edən ruhanilərin məhkumların ziyarət etməsinin təmin olunmamasının nəticəsidir ki, cəzaçəkmə müəssisələrində bir çox radikal dini qruplaşmalar məhkumları müxtəlif üsullarla öz sıralarına qata bilirlər.

            “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi ” İctimai Birliyi olaraq hesab edirik ki, azadlıqdan məhrumetmə yerlərində dini ekstremizmin yayılmasının qarşısının alınmasına yönəldilmiş tədbirlər planının hazırlanması və bu məqsədlə müvafiq işçi qrupunun yaradılması, bu istiqamətdə bir sıra zəruri işlərin aparılması, o cümlədən “Həbsxana kopellanlığı ” haqqında qanun qəbul edilməsi zərurəti mövcuddur.

 

MƏTBUAT XİDMƏTİ