Ekspert: Azərbaycan heyrətə gətirəcək inkişaf yolu keçib – MÜSAHİBƏ

“Gənclərdə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına ümid yaranmalıdır”…

“Gənclərdə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına ümid yaranmalıdır”.

Oxu.Az-ın suallarına ABŞ-ın Kolumbiya Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun dosenti Con Lourens cavab verir.

– Azərbaycan dünyada daha çox neft və qaz ölkəsi kimi məşhurdur. Azərbaycan haqqında söhbət düşərkən sizdə daha hansı assosiasiyalar yaranır?

– İlk öncə respublika rəhbərliyinə və Bakı Humanitar Forumunun təşkilatçılarına gözəl qarşılama üçün təşəkkürümü bildirim. Baxmayaraq ki, bu tədbirdə ikinci dəfədir ki, iştirak edirəm, mənim üçün bu maarifləndirici və faydalı təcrübə idi. Qeyd etməliyəm ki, Azərbaycanın müstəqillik əldə etdikdən sonra təxminən 25 il müddətində əldə etdiyi inkişaf heyranedicidir. Mənim üçün Azərbaycan qədimlik və müasirliyin əsrarəngiz vəhdəti, müxtəlif mədəniyyətlərin əlaqələndirici bəndi, səslər, təamlar və hətta ətirlərdir!

İlk dəfə regiona 1963-cü ildə köhnə “Land Rover”lə Avropadan Əfqanıstana gedən yol ilə Təbrizdən keçərək gəldim. Mən qərb tərbiyəmlə bu kontrasta vuruldum. O zamanlar müəzzinlər insanları namaza, indiki elektrotexnikadan istifadə etmədən canlı azanla çağırırdılar. Mən heç vaxt bu səsi unutmaram. Bir müddət sonra mən Bakıda Azərbaycan operasından, Nizami Gəncəvinin yaradıcılığı və heyranedici muğamdan həzz alırdım. Mənim üçün neft və qaz resursları, Azərbaycanın gələcək nəsillərini təmin edə biləcək müvəqqəti imkanlardır. Bu, qara qızılın insan qızılına çevrilməsinə aid işdir, bu mənim kolleqalarımla məşğul olduğum sahədir. Azərbaycanlılar üçün daha geniş imkanlar yaratmaq, vətəndaşların idarəetmədə konstruktiv iştirakının təşviqinin davamı və ekologiyanın idarəsinin qalan məsələlərinin həll edilməsi üçün yeni zənginlikləri ədalətli paylaşdırmaq üçün çox iş görmək lazımdır.

Bununla yanaşı Azərbaycan dünyaya neft və qazdan başqa, çox şey təklif edə bilər, və AİDA təşkilatının və yeni “Əsrin müqaviləsi”nin yardımı ilə respublika yeni istiqamətlərin işlənməsi ilə məşğul olacaq.  

– ABŞ və Azərbaycan bir çox sahələrdə strateji partnyorlardır. Ölkələrimiz arasında əməkdaşlıq barədə nə düşünürsüz?

– Etiraf edim ki, Amerikada Azərbaycan haqqında informasiya çatışmazlığı var. Baxmayaraq ölkələrimiz arasında əməkdaşlıq bir neçə səviyyələrdə genişlənir, Azərbaycandan olan tələbələr Amerika universitetlərində təhsil alır, əsgərlərimiz dünyanın müxtəlif ölkələrində NATO adı altında bərabər xidmət edir, ölkələrimiz enerji və təhlükəsizlik sferasında strateji müttəfiqlərdir, amerikalıların az hissəsi “Azərbaycan” sözünü tələffüz edə bilir və bundan da az adam ölkəni xəritədə tapa bilər. Bununla yanaşı Azərbaycanın gözəl təbiəti var, o cümlədən Naxçıvan, Gəncə, Qubada dağlar, meşələr və əlbəttə ki, Xəzər sahili. Orta-statistik amerikalı bu haqda heç nə bilmir. Amerika təfəkküründə ölkənin gözəlliyi, ədəbiyyatı və musiqisi haqqında lazımi assosiasiyanın yaranması üçün daha çox iş görmək lazımdır. Bundan başqa amerikalılara Bakı-Tbilisi-Ceyhan neft kəmərinin İsrailin neftə olan tələbatının 40%-ni ödəməsi kimi strateji mühüm fakt məlum deyil.

– Amerikalı qanunvericilərin bəzən antiazərbaycan qərarları qəbul etdiyini bununla izah etmək olarmı? Elə bu yaxınlarda Kaliforniya senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımasını misal götürək… Belə qərarlar ikitərəfli münasibətlərə zərər vermirmi?

– Bəli, kaliforniyalı qanunvericilərin belə bəyanatları milli və ya beynəlxalq səviyyədə rezonans doğurmasına baxmayaraq təəssüfedici haldır. Qeyd etməliyəm ki, ABŞ Konqresi bəzən Birləşmiş Ştatlarının daxili siyasi məsələlərində belə qeyri-peşəkarlıq nümayiş etdirir və bütün dünyaya məlum olan xarici siyasətin digər mürəkkəb problemlərində çətinliklə qarşılaşır. Amma əsasən gənc amerikalılar müxtəlif mədəniyyətlər haqqında əlavə informasiya əldə etməyə can atırlar. Burada Azərbaycanın öz mədəniyyətinə, iqtisadiyyatına, texnologiyasına və hasilat sənayesinə amerikalılarda maraq oyatmasının mühümlüyünü qeyd etməyi vacib bilirəm. Prezident İlham Əliyev bu istiqamətdə forumların və müxtəlif festivalların keçirilməsi kimi çox vacib və alqışalayiq iş aparır. Bundan başqa sənayenin diversifikasiyası istiqamətində Azərbaycan turizm infrastrukturunun təkmilləşdirilməsi istiqamətində iş aparmalı və turizm həvəskarları üçün stimul yaratmalıdır. Vizanın alınmasının baha başa gəlməsi və mürəkkəb prosesi güclü ləngidici amildir. Bakı və regionlar dünya standartlarına uyğun otellərlə fərqlənsələr də qiymətlər orta-statistik turisti qorxudur, Azərbaycanın orta imkana malik turistlər üçün yaşama imkanları yaratmaq barədə düşünməsi mane olmazdı, bu daha çox qonaq cəlb etməyə imkan yaradardı.

– Siz Azərbaycanda yeni adam deyilsiz və yəqin ki, Qarabağ problemi ilə tanışsız. Bu problem barədə fikrinizi öyrənmək maraqlı olardı.

– Mən bir çox azərbaycanlı gənclərlə şəxsən söhbət edərkən bu ərazi münaqişəsinin həllində inkişafın olmaması barədə eşidəndə pis oldum. Nizami yazırdı: “Ədalət böyük cəsarətdir”, amma o həmçinin “Zorakılıq, şərəfsizlik və qantökmə bədbəxtçilik gətirir” deyib. Qantökmənin davamı sadəcə qiymətsiz insan resurslarının qəddarcasına israf edilməsinə gətirib çıxaracaq, Azərbaycan gənclərində münaqişənin sülh yolu ilə həll ediləcəyinə ümid olmalıdır, yeni müharibə haqqında söhbət olmamalıdır. Məcburi köçkünlərin sözlərinə qulaq vermək və onun praktiki realizəsinə çalışmaq lazımdır. Bu yaxınlarda Bakıda prezident Əliyev və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş bu problemin qərarlı və ciddi danışıqlar yolu ilə yeganə həlli illüstrasiyasıdır.

– Azərbaycan və ABŞ bir-birindən coğrafi anlamda çox uzaq ölkələrdir. Onları nə bağlayır? Energetikanı hesaba almasaq bizi yaxınlaşdıran amil nədir?

– Əla sualdır. Bizi yaxınlaşdıran bəşəriyyətin dayanıqlı inkişafı üçün yeni imkanların tədqiqatına olan maraqdır. Azərbaycan burada sadəcə partnyor deyil, həm vacib, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərdə inkişafa dair müstəqil və düşünülmüş siyasətin yürüdülməsi istiqamətində liderdir.

Teşekkür ederim!

www.oxu.az