Ərdoğan: TANAP layihəsinə start verilib, yüksək templə iş gedir

Türkiyə prezidenti Türkmənistan təbii qazının Avropaya çatdırılmasının tərəfdarıdır…

Türkiyə prezidenti Türkmənistan təbii qazının Avropaya çatdırılmasının tərəfdarıdır.

Aşqabadda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanbəyan edib ki, türkmən təbii qazının Avropa bazarına çatdırılması Avropanın enerji təhlükəsizliyini təmin edəcək, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Biz Türkmənistan təbii qazının Avropa bazarlarına Türkiyə vasitəsi ilə çıxarılmasına və Avropanın enerji təhlükəsizliyinin təminatına böyük önəm veririk”, – türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi görüşdə türk lideri deyib.

Ərdoğan qeyd edib ki, türkmən təbii qazının Avropaya daşınmasının təşkil olunması üçün TANAP qaz kəməri layihəsinə start verilib. Bu istiqamətdə yüksək templə iş gedir. Türkiyə prezidentinin fikrincə, Türkiyə Azərbaycan və Türkmənistan təbii qazının Qərbə daşınmasında vacib rol oynayır.

Yüksək səviyyəli türkmən-Türkiyə danışıqlarının nəticələrinə görə, “Türkmənqaz” dövlət konserni və türk şirkəti “Ataqaz” təbii qazın alqı-satqısına dair əməkdaşlıq sazişi imzalayıblar.

Bundan başqa, tərəflər 2015-2016-cı illər üçün ticarət, iqtisadiyyat, təhsil, idman, nəqliyyat sahəsində əməkdaşlıq proqramını imzalayıblar.

Qeyd edək ki, ötən il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.

www.oxu.az