Ekspert: Azərbaycanda BP işçilərinin sayı azalmayacaq, əksinə artacaq

“Şirkət işçilərinin sayının 5500 nəfərə çatacağı planlaşdırılır”…

“Şirkət işçilərinin sayının 5500 nəfərə çatacağı planlaşdırılır”.

Dünya birjalarında neftin qiyməti azalmağa doğru gedir.

Oxu.Az xəbər verir ki, son məlumatlara əsasən, dünya birjalarında Brent neftinin bir bareli 64,73 dollara, WTI neftinin bir barelinin qiyməti isə 61,43 dollara satılır.

Neftin qiymətinin kəskin şəkildə azalmağa doğru istiqamətlənməsi, dünyanın ən böyük neft şirkətlərini xərclərini azaltmağa məcbur edir və artıq bu istiqamətdə müxtəlif addımlar atılmaqdadır.

Belə ki, BP şirkətinin icraçı direktoru Robert Dadli müsahibələrinin birində qeyd edib ki, şirkət Azərbaycandakı iş yerlərini ixtisar edəcək.

Şirkət rəhbəri bunu neftin qiymətlərinin azalması fonunda şirkətin öz səmərəliliyi və rəqabətqabiliyyətliliyini artırmaq cəhdləri ilə əlaqələndirib.

BP Azerbaijan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı isə BP şirkətinin icraçı direktoru Robert Dadlinin sözlərini təsdiqləyərək bildirib:

“İndiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız təşkilati mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq”:

“Təbii, biznes fəaliyyətinin tələblərinə uyğun olaraq təşkilatımızın daha sadə və səmərəli olması lazımdır və bu da bizim daha rəqabətqabiliyyətli olmağımızı təmin edəcək”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə səslənən fikirləri ağlabatan hesab etmir.

“BP “Şahdəniz-2” layihəsi ilə bağlı olaraq, bu ilin dekabrın əvvəlində 3100 nəfər öz işçiləri ilə yanaşı, 2000 nəfər əlavə podratçı işə cəlb edib. BP şirkətinin Azərbaycan nümayəndəliyində işçilərinin sayı azalmağa deyil, artmağa istiqamətlənə bilər. Belə ki, 2015-ci il ərzində BP-nin Azərbaycandakı nümayəndəliyində işçilərin sayı 4000 nəfərə çatacaq”, – deyə, o bildirib.

Ekspertin proqnozlarına görə, 2016-ci ildə BP Azerbaijan şirkətinin işçilərinin sayı 5500 nəfərə çatacağı planlaşdırılır.

“Ona görə də ixtisarların ola biləcəyi ilə bağlı səslənən fikirlər ağlabatan deyil, çünki işlərin sayı da (2016-ci ildə yeni qaz kəmərinin tikintisi) artır”.

Onu da əlavə edək ki, Azərbaycanda yeni qaz kəmərlərinin tikintisi və layihəsi davam edir. Belə ki, hazırda “Şahdəniz-2” layihəsi sürətlə irəliləyir.

Bu ilk qazı Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına hasil etmək nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək.

 

www.oxu.az