Elmar Məmmədyarov Əfqanıstanın yeni səfirini qəbul etdi

Dostluq münasibətlərindən məmnunluq ifadə olunub…

Dostluq münasibətlərindən məmnunluq ifadə olunub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib. 

Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Elmar Məmmədyarov Azərbaycanın dost ölkə olan Əfqanıstan ilə əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, elm-təhsil, təlim, sərmayələr, humanitar, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvarlığını ifadə edib.  

Azərbaycanın Əfqanıstana humanitar, maddi-texniki, təlim və təhsil sahəsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən səfir Səfir Məhəmməd Tağı Xəlili cəsur Azərbaycan əsgərlərinin Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin tərkibində Əfqanıstanda sülh və təhlükəsizlik naminə xidmətinin Əfqanıstan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Səfir Azərbaycanın inkişaf təcrübəsinin ölkəsi üçün örnək olduğunu deyib. 

Görüşdə iki ölkə arasında müqavilə hüquq-bazasının inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 

Səfir Məhəmməd Taqi Xəlili etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Elmar Məmmədyarov səfir Məhəmməd Taqi Xəliliyə diplomatik fəaliyyətində uğurlar arzu edib.
 Səfir Məhəmməd Taqi Xəlili diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq əlaqələrinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. 

www.oxu.az