Gürcü professor: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir

“Hüquqi cəhətdən bu ərazilər Azərbaycana məxsusdur”…

“Hüquqi cəhətdən bu ərazilər Azərbaycana məxsusdur”.

Heç bir erməni tarixçisi tarixi planda deyə bilməz ki, Dağlıq Qarabağ Ermənistan dövlətinə məxsusdur. Dağlıq Qarabağ tarixi Albaniya torpağı olmaqla Azərbaycanın ayrılmaz bir hissəsidir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri tarix elmləri doktoru, professor Quram Marxulia deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti iki ölkə arasında olan münaqişəni həmişə sülh yolu ilə həll etmək istəyi ilə beynəlxalq təşkilatlarda çıxışlar edir.

Professor Ermənistanın işğal olunan Azərbaycan ərazilərində və Dağlıq Qarabağda hərbi təlimlər keçirməsinə də münasibət bildirib: 

“Azərbaycan torpaqları işğal olunub və ermənilər bu ərazilərdə nə istəyirlərsə, onu da edirlər. Hüquqi cəhətdən bu ərazilər Azərbaycana məxsusdur və Ermənistan silahlı qüvvələrinin bu ərazilərdə hərbi təlimlər keçirməyi düzgün deyil. Bu gün Azərbaycanın hərbi gücü yüksək səviyyədədir və onlar hesablanmış saatlarla nəinki Dağlıq Qarabağı, həmçinin İrəvanı da ala bilər. Lakin Azərbaycan dövlətinin rəhbərliyi cəhd edir ki, Ermənistanla münasibətləri sülh yolu ilə qaydaya salsın və işğal olunmuş torpaqları qaytarsın. Fikirləşirəm ki, elə bir geosiyasi vəziyyət gələcək ki, Azərbaycan dövlətinin rəhbərliyi, başda ali baş komandan İlham Əliyev olmaqla, işğal olunan torpaqları hərbi yolla qaytarmaq üçün qərar qəbul edəcək. Bu labüddür”.

www.oxu.az