bp Azerbaijan-ın daha 167 əməkdaşı işdən çıxarılacaq?

Şirkət rəsmisi rəqəmləri açıqladı…

Şirkət rəsmisi rəqəmləri açıqladı.

bp şirkətinin dəqiq rəsmi məlumatını mən artıq mətbuatla bölüşmüşəm. Həmin məlumatdan sonra biz heç bir açıqlama verməmişik.

Oxu.Az-a bu sözləri bp Azerbaijan şirkətinin mətbuat xidmətinin rəhbəriTamam Bayatlı şirkətdə ixtisarların davam edəcəyi barədə sualı şərh edərkən bildirdi.

O qeyd etdi: “Bu məsələdə yalnız bizim rəsmi məlumatımıza istinad edilməlidir, çünki bu, bizim işlərimizlə bağlı ən düzgün məlumatdır.

Biz artıq açıqlamışıq ki, şirkətimizdən 105 yerli işçinin vəzifəsi və 150 xarici vətəndaş üçün nəzərdə tutulmuş vəzifə ixtisara salınıb”.

“2014-cü ilin sonuna olan məlumata görə, daimi işçilərimizin ümumi sayı 3467 nəfər idi: bunların 2992 nəfəri yerli, 475 nəfəri isə xarici vətəndaş olub”- deyə, Tamam Bayatlı bildirdi.

Xatırladaq ki, mətbuatda yazılan məlumatlara görə, şirkət bu rübün sonuna qədər ümumilikdə 422 əməkdaşını ixtisar edəcək.

Hal-hazırda şirkətin artıq 255 əməkdaşı ixtisara düşüb, onların 105 nəfəri Azərbaycan vətəndaşlarıdır, 150 nəfəri isə xarici mütəxəssislərdir. Yazılan məlumata əsasən, şirkətin daha 167 əməkdaşının ixtisar olunacağı bildirilir.

Yayılan məlumata görə, bp Azerbaijan yalnız ofis işçiləri arasında ixtisar aparmayacaq. Hasilat və nəqletmə ilə məşğul olan 100 nəfərə yaxın işçi də ixtisar ediləcək.

“Sadəcə personal sayı neftin bir barel üçün 50-60 manat olan qiymətinin tələblərinə müvafiq deyil”, – mənbədən agentliyə bildirilib.

bp Azerbaijan şirkəti keçən il “Şahdəniz-2” layihəsinin genişləndirilməsi məqsədi ilə 2015-ci ildə 110 nəfər yeni işçinin qəbul edilməsini planlaşdırmışdı, amma bu məsələ müvəqqəti olaraq təxirə salınıb. Bununla yanaşı, şirkət həm də ixtisarlarla əlaqədar Landmark biznes-mərkəzində icarəyə götürülmüş iki mərtəbəni boşaldıb. Bundan başqa, bp Azerbaijan şirkətinin baş ofisinin yerləşdiyi Port Baku biznes mərkəzində bir mərtəbədən imtina ediblər.

Qeyd edək ki, 2014-cü ildə bp Group-un rəhbəri Bob Dadli neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar olaraq dünyanın bir neçə regionunda, o cümlədən də Azərbaycanda əməkdaşlarının sayının ixtisar ediləcəyi barədə bəyanatla çıxış etmişdi.

Bundan başqa, bu yaxınlarda şirkətin rəhbərliyi bəyan edib ki, cari ildə əməkdaşlarının maaşının artırılması prosesi dondurulacaq.

Ülviyyə R. Əli
www.oxu.az