İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər təsdiq edildi
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1192-IVQD nömrəli, 2015-ci il 24 fevral tarixli 1200-IVQD, 1208-IVQD və 1212-IVQD nömrəli qanunlarının tətbiqi barədə müvafiq sərəncamlar imzalayıb.
Dəyişikliklərə əsasən, 228.0.10-cu və 228.0.11-ci maddələr aşağıdakı redaksiyada verilir:
“228.0.10. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına;
228.0.11. ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın üzərində göstərilmiş miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə riayət edilməməsinə;”.
Bundan başqa, 228.0.12-ci və 312-ci maddələr ləğv edilir.
Həmçinin, aşağıdakı məzmunda 317-1-ci maddə əlavə edilir:
“Maddə 317-1. Ölçmələrin vəhdətinin təmin edilməsi tələblərinin pozulması
317-1.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə –
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.
317-1.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulan standart nümunənin və ya ölçmə vasitəsinin tipi təsdiq olunmadan və (və ya) ölçmə vasitəsinin ilkin yoxlamadan keçmədən tədavülə buraxılmasına görə –
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.
317-1.3. Ölçmə vasitələrinin ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlanmasına və (və ya) ölçmə vasitələrinə müdaxilə edilməsinə görə –
vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.
317-1.4. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmənin tələb olunan dəqiqliyini təmin etməyən ölçmə vasitələrindən istifadə olunmasına görə –
vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.”.
Məcəlləyə daha bir – aşağıdakı məzmunda 65-3-cü maddə əlavə edilir:
“Maddə 65-3. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması
65-3.1. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə –
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan bir min manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.
65-3.2. Tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə –
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir.”.
Trend.az