“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin Aİ tərəfindən dəstəklənməsi vacibdir “

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş…

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş “Şərq tərəfdaşlığı ” ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşündə iştirak edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iştirakçılar “Şərq tərəfdaşlığı “nın Riqa Zirvə toplantısından sonra Avropa İttifaqı (Aİ) ilə tərəfdaş ölkələr arasında münasibətlərin gələcək perspektivləri haqqında müzakirə aparıblar.

Bu xüsusda nazir müavini M.Məmməd-Quliyev Azərbaycan və Aİ arasında vətəndaşların hərəkəti, enerji və nəqliyyat bağlantılarının yaradılması və ticarət əlaqələrinin inkişaf etdirilməsi imkanlarına toxunub. O, həmçinin Azərbaycanda yaxşı idarəçilik, o cümlədən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər haqqında məlumat verib və bu çərçivədə ASAN xidmətin səmərəli fəaliyyətini qeyd edib.

Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb.

M.Məmməd-Quliyev qarşılıqlı maraqlara söykənən bərabərhüquqlu əməkdaşlığın təşviqi baxımından Azərbaycanın Aİ ilə gələcək münasibətlərini ikitərəfli formatda inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Qeyd olunmalıdır ki, xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşləri növbəlilik əsasında “Şərq tərəfdaşlığı ” ölkələrinin paytaxtlarında təşkil olunur və məqsəd tərəfdaş ölkələr və Aİ arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaqdır. Bundan öncəki qeyri-rəsmi dialoq görüşü 9 sentyabr 2014-cü il tarixində Bakı şəhərində keçirilib.

 

/Trend/