Almaniya Bundestaqının üzvü Tobias Zek: “Dağlıq Qarabağın ilhaqına son qoyulmalıdır”

20 faizə yaxın Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğalı ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsi get-gedə unudulmağa başlayır…

20 faizə yaxın Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğalı ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsi get-gedə unudulmağa başlayır. Trend-in məlumatına görə, bunu Almaniya Xristian-Demokratlar Birliyi (XDB) və Xristian-Sosialistlər Birliyi (XSB) Partiyasının üzvü, parlamentin (Bundestaq) Məşğulluq, sosial məsələlər, iqtisadi əməkdaşlıq və inkişaf Komitəsinin, Cənubi Qafqaz üzrə parlament qrupunun, eləcə də Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Tobias Zek “TV Berlin” kanalının “Aus dem Bundestag” (“Almaniya parlamentindən”) proqramına müsahibəsində bildirib.

T.Zek müsahibədə bildirib ki, Almaniya-Azərbaycan əlaqələrindən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı roldan, ölkəmizin Avroatlantik məkana inteqrasiya olunmasından, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir.

T.Zek müsahibəsində üzvü olduğu Cənubi Qafqaz üzrə parlament qrupu tərəfindən Gürcüstan, Ermənistan və Azərbaycan parlamentarları ilə müntəzəm parlamentlərarası mübadilənin aparıldığını, həmçinin, qeyd edilən ölkələrin də öz aralarında dialoqun baş tutması üçün dəstəyin verildiyini bildirib.

Millət vəkili Cənubi Qafqaz bölgəsinin Avropa İttifaqı və Almaniya üçün strateji əhəmiyyət kəsb etdiyini deyib. Onun fikrincə, ən mühüm məsələ region ölkələrinin dialoqa hazır olması, xüsusilə də münaqişə vəziyyətində olan dövlətlər arasında dialoqun baş tutmasıdır.

T.Zek aparıcının “Dialoqun olması həmişə yaxşıdır. Bu, cazibədar sözdür. Lakin bu heç də hər ölkə üçün işlək deyil. Dialoq çağırışı Gürcüstanda fayda vermədi. Orada Rusiya tərəfindən müdaxilə oldu. Bildiyimə görə, Azərbaycan ərazilərinin xeyli hissəsi də xarici hərbi qüvvələr tərəfindən işğal edilib. Almanların çoxunun bundan xəbəri yoxdur. Siz bu məsələnin “ölü nöqtə”dən tərpənməsi üçün Almaniya siyasətində nələr edirsiniz?”, – sualına cavab olaraq qeyd edib ki, 20 faizə yaxın Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğalı ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsi get-gedə unudulmağa başlayır: “Bu, bizim birbaşa qonşuluğumuzda baş verən bir münaqişədir. Son 20 ildə bu münaqişə közərirdi – gah təkrar kəskinləşən, gah da yenidən soyuyan məsələ kimi. Sevindirici haldır ki, burada hazırda açıq münaqişə və ya müharibə şəraiti yoxdur. Lakin burada bir növ közərən bir münaqişə və başqa ölkənin ərazisinin işğalı faktoru var”.

20 il bundan əvvəl Dağlıq Qarabağda nələrin baş verməsi haqqında danışan T.Zek qeyd edib ki, Ermənistanın hərbi qüvvələri Azərbaycanın dövlət ərazisinə təcavüz edərək Dağlıq Qarabağı işğal edib: “Bunun nəticəsində bir milyona yaxın azərbaycanlı Ermənistandan qaçqın və Dağlıq Qarabağdan məcburi köçkün düşərək öz yurdlarını tərk etməli olub. Beləliklə, Azərbaycan hazırda ən çox qaçqın əhalisi olan ölkədir “.

Bundestaq üzvü münaqişənin həllinin daim gündəmdə saxlanılmasının vacibliyini vurğulayıb. O, almaniyalı parlamentarların Ermənistan və Azərbaycan parlamentarlarından ibarət əlaqə qrupları ilə daim dialoq qurmağa çalışdığını deyib. Bu təmaslar Avropa Şurası Parlament Assambleyasının sessiyaları zamanı da baş tutur.
Alman millət vəkilinin fikrincə, bu, dialoqun intensiv xarakter alması üçün ən ideal platformadır: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və onun həll yolunun tapılması üçün səylərini daha da artırmalıdır. Düşünürəm ki, bu sahədə nəsə çatışmır”.

T.Zek danışıqlar prosesində yaranmış vəziyyəti qiymətləndirərkən qeyd edib ki, sülhə nail olmaq üçün təkcə istək və müvafiq qətnamələrin qəbulu kifayət etmir: “Biz ilk növbədə danışıqlar aparan tərəfləri yenidən masa arxasına oturtmağa nail olmalıyıq”.

T.Zekin fikrincə, əsas problem ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli dialoq yoxdur: “Bu, sadəcə Cənubi Qafqazda iki ölkə arasında gedən bir münaqişə deyil. Bu münaqişəyə beynəlxalq müdaxilələr də var. Ermənistanla Azərbaycan arasında qonşu ölkələrin müdaxiləsi olmadan birbaşa danışıqlar aparılsa, bu, daha faydalı ola bilərdi. Lakin hazırda bu, mümkün deyil”.

Alman deputat aparıcının “Azərbaycanlılar Ermənistan qoşunlarının dərhal həmin ərazidən çıxmasını istəyir. Onlar bunu dayanmadan tələb edir. Lakin ermənilər qoşunlarını çıxarmaqdan imtina edir. Ermənilər deyir ki, bu, onların ərazisidir. Bəs beynəlxalq hüquq bu barədə nə deyir ?”, – sualına cavab olaraq T.Zek bunları söyləyib: “Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. İşğal olunmuş ərazilər Azərbaycanın dünya ölkələri tərəfindən tanınmış dövlət ərazisidir. Bu, o deməkdir ki, torpağın verilməsi və ya satılması barədə təsəvvür edə biləcəyiniz heç bir müqavilə olmayıb. Beləliklə, bu vəziyyət Almaniya üçün qəbuledilməzdir və biz Dağlıq Qarabağın Ermənistan Respublikası tərəfindən işğal olunması ilə razılaşmırıq. Almaniya nə Dağlıq Qarabağ hökumətini, nə də ki, orada keçirilən hər hansı bir seçkini tanımır. Almaniyanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ bölgəsinin anneksiyasına (ilhaqına) son qoyulmalıdır. Əlbəttə, biz bu münaqişənin həll olumasında israr edirik. Dağlıq Qarabağdan qoşunların çıxarılması münaqişənin həllində ilk addım olardı”.

T.Zek Cənubi Qafqaz ölkələrinin 2009-cu ildə “Şərq Tərəfdaşlığı” proqramına qoşulması məsələsinə toxunarkən qeyd edib ki, bu ölkələr Avropa İttifaqının üzvü olmadığı halda belə regionla yaxın münasibətlər qurulub: “Bu, çox vacib bir addım idi. Proqramın mandatına uyğun olaraq Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi fəaliyyət göstərir. Avropa İttifaqı Dağlıq Qarabağ üzrə danışıqlarda rəsmi şəkildə iştirak etməsə də bu danışıqları yaxından izləmək hüququnu əldə edib”.

Millət vəkili beynəlxalq təşkilatların Dağlıq Qarabağda sülhün əldə olunması üçün göstərdiyi fəaliyyətə də münasibət bildirib. O, həmçinin münaqişə zonasında atəşkəs rejiminin monitorinqini lazımi qaydada həyata keçirmək üçün müvafiq beynəlxalq strukturların işçi heyət və avadanlıq baxımından hazır olmadıqlarını da etiraf edib.

T.Zek bu sahədə fəaliyyət göstərən ATƏT-in 6 əməkdaşından ibarət monitorinq qrupunun qoşunların təmas xəttində monitorinq keçirməsinin yetərli olmadığını vurğulayıb: “ATƏT bu məsələyə ciddi yanaşırsa, bu halda işçi heyətin və avadanlığın sayını artırmalıdır”.

T.Zek müsahibəsində BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnamədən də söz açıb: “Biz bu qətnamələrə sadəcə səs verməmişik, biz onları həm də dəstəkləmişik. Fikrimcə, Dağlıq Qarabağa oxşar münaqişələr bir gecədə həll oluna bilməz. Çağdaş tarixə nəzər saldıqda görürük ki, bu kimi münaqişələrin həlli prosesi azı 30-40 ilədək uzanıb. İlk növbədə ona nail olmalıyıq ki, Dağlıq Qarabağdan olan məcburi köçkünlərin doğma yurdlarına dönməsinə imkan verilsin”.

Avropa İttifaqının qonşuluğunda yerləşən Cənubi Qafqaz bölgəsinin əhəmiyyətini vurğulayan T.Zek bildirib ki, Azərbaycan Almaniya üçün çox mühüm ticarət tərəfdaşıdır. O, Azərbaycan hökuməti və Milli Məclisdəki həmkarları ilə daim dialoqda olduğunu, ələlxüsus da onlarla Strasburqda – Avropa Şurası Parlament Assambleyasının sessiyaları zamanı görüşərkən müxtəlif məsələlərə dair fikir mübadiləsi apardıqlarını deyib. Alman deputat Azərbaycanın ötən il Avropa Şurasında sədrlik missiyasının öhdəsindən layiqincə gəldiyini bildirib.

T.Zek aparıcının “Bakı öz nefti ilə tanınır. Ən böyük neft ehtiyatları vaxtilə Bakıda olub. Nobel mükafatının təsisçisi Alfred Nobel öz milyonlarını Bakıda qazanıb. Çox adam bilmir ki, Nobel mükafatı hələ indinin özündə də həmin pullar hesabına maliyyələşir. Beləliklə, Azərbaycan bir enerji təchizatçısı kimi bizim üçün nə dərəcədə mühüm tərəfdaşdır?”, – sualına cavabında qeyd edib ki, Avropanın enerji təchizatçılarının asılılığından azad olmağa ehtiyacı var. Avropa dərk edir ki, yalnız bir təchizatçıdan asılılıq, hətta hazırda təchizatla bağlı heç bir problem olmasa belə, uzunmüddətli perspektivdə çox da optimal qərar deyil.

Almaniyalı millət vəkili əksər avropalı siyasətçilərin mövqeyini dəstəkləyərək vurğulayıb ki, Avropanın alternativ enerji mənbələrinə ehtiyacı var: “Bu baxımdan Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan bu missiyanın yerinə yetirilməsində mühüm rol oynaya bilər. Azərbaycan Almaniyadan ötrü yeddinci ən böyük neft təchizatçısıdır “.

T.Zekin fikrincə, Avropanı enerji ilə təchiz etmək üçün bu ərazidən Avropaya qaz boru kəməri çəkərək ikinci mənbə əldə oluna bilər.
Almaniyalı deputat hesab edir ki, Almaniya-Azərbaycan, Avropa İttifaqı- Azərbaycan münasibətlərində Avropanın enerji təhlükəsizliyi məsələsi bölgədəki humanitar vəziyyət amilini arxa plana çəkməməlidir: “Avropa diplomatiyasının əsas diqqəti bir milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycanın işğal altındakı ərazilərinin erməni silahlı birləşmələri tərəfindən azad olunması məsələsinə yönəlməlidir. Birinci tələb ondan ibarət olmalıdır ki, Ermənistan Respublikası qoşunlarını Dağlıq Qarabağdan çıxarmalıdır və yalnız bundan sonra münaqişənin davamlı həll yolu tapıla bilər. Ermənistan isə deyir ki, onlar yalnız bütün məsələlər həll ediləndən sonra qoşunlarını ərazidən çıxara bilər. Beləliklə, burada bir növ “toyuq və yumurta” vəziyyəti yaranıb. Mən inanıram ki, burada beynəlxalq hüququ pozan ilhaq amili var və bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

 

/Trend/