Azərbaycan-NATO əlaqələrinin perspektivləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və NATO arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirən Ceyms Appaturay uğurlu əməkdaşlığa, xüsusilə Azərbaycanın Əfqanıstanda keçirilən əməliyyat çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyə verdiyi ardıcıl töhfəyə görə təşəkkürünü ifadə edib.
Nazir Elmar Məmmədyarov Azərbaycanın NATO ilə etibarlı və davamlı tərəfdaşlıq əlaqələrinə malik olduğunu bildirərək, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, Planlaşdırma və Təhlil Prosesi, Əməliyyat İmkanları Konsepsiyası kimi proqramlar çərçivəsində ikitərəfli əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanın NATO-nun Əfqanıstanda qətiyyətli dəstək missiyasına töhfə verməkdə davam edəcəyini diqqətə çatdırıb.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda sabitlik və təhlükəsizliyə əsas təhdid olduğunu qeyd edib. O, münaqişənin həllinə nail olmaq üçün Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu nəzərə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC