BMT-nin Qaçqınlar üzrə ali komissarı Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb

BMT-nin Qaçqınlar üzrə ali komissarı Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb

İyunun 1-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Cenevrədəki baş qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov ilə bu qurumun Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi arasında görüş keçirilib.

Daimi Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə BMT QAK arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Daimi nümayəndə V.Sadıqov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qurbanları olan çoxsaylı qaçqın və məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində BMT QAK-ın ölkəmizə göstərdiyi dəstək və yardıma, eləcə də onun ölkəmizdəki fəaliyyətinə görə Azərbaycan hökuməti adından ali komissar F.Qrandiyə təşəkkür edib.

Daha sonra V.Sadıqov Qaçqınlar üzrə ali komissarı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı hazırkı vəziyyət, apreldə cəbhə bölgəsində atəşkəsin Ermənistan tərəfindən genişmiqyaslı pozulması barədə məlumatlandırıb.

F.Qrandi münaqişə bölgəsində mövcud humanitar vəziyyətin BMT QAK tərəfindən müşahidə edildiyini bildirib, bu qurum ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, gələcəkdə də ölkəmizlə əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

 

AZƏRTAC