Ağdaban faciəsindən 28 il ötür

1992-ci il aprel ayının 8- də səhərə yaxın ermənilər Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlarla nərilti qoparmağa başladılar. Qəfil yuxudan qalxan kənd camaatı çaş–baş qaldı.

Ermənilər planlı surətdə hərəkət edirdilər. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək əvvəlcədən müəyyənləşdirilmişdi. Həmin adamlar da hücum edəcək döyüşçülərin arasında imiş.

Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşrin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə ermənilər hücum etdi. Ermənilər tərəfindən 39 adam öldürüldü, kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Aşıq Şəmşrin evi və zəngin arxivi od vurulub yandırıldı.

Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı. «Kəlbəcərin müdafiəsinə fövqəladə yardım komitəsi» yaradıldı. Əhalinin qəti tələbi ilə bu komitəyə rəhbərlik etmək bu sətirləri yazana tapşırıldı. Komitə qısa müddət ərzində böyük tədbirlər həyata keçirdi. Orduya kömək xeyli artırıldı. Əhalidə müdafiə olunacağına ümid yarandı. Rayon əhalisinin ciddi təkidi ilə Kəlbəcərə göndərilən polkovnik/indi general Zaur Rzayev briqada komandiri və hərbi komendant təyin edildi.

Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qutarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetrilmişdir.