Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Ankarada türk dilində çapdan çıxıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan,….

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Ankarada türk dilində çapdan çıxıb.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Berikan yayım evi tərəfindən çap edilən kitabda münaqişənin yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın bu ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələr əksini tapıb.

Nəşrdə Cənubi Qafqazda ilk dövlət qurumlarının yarandığı vaxtdan başlanan tarixi dövr əhatə edilir və regionun müasir dövrə qədər tarixindən bəhs olunur. Əsərin müəllifi ilk fəsillərdə erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır.

Kitabda antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi göstərilir, erməni etnosunun bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi qeyd edilir. Müəllif sistemli şəkildə bir dövrdən digərinə keçərək Dağlıq Qarabağ ərazisində vəziyyəti və bu diyarın bütün tarixi ərzində ermənilərin orada olmamasını diqqətə çatdırır. Qeyd olunur ki, yalnız XIX əsrin birinci yarısından demoqrafik vəziyyətdə dəyişikliklər baş verir. Nəticədə Qərbi Azərbaycanın bəzi mahallarında – indiki Ermənistan Respublikasında ermənilər sayca üstünlük təşkil etməyə başlayır. Bildirilir ki, tarixi konyunktur ermənilərə azərbaycanlıların əzəli torpaqlarında öz dövlətçiliyini qurmağa imkan yaradıb. Ermənilər iki əsr ərzində avtoxton azərbaycanlı əhalini sıxışdıraraq bu ərazidən çıxarıb və monomilli ölkə yaratmaq üçün əllərindən gələni ediblər.

Müəllif, həmçinin diqqəti XIX əsrin birinci yarısından başlayaraq ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəticəsində demoqrafik vəziyyətdə baş verən dəyişikliklərə cəlb edir. Həmin dövrdə Azərbaycanın Dağlıq Qarabağ və digər mahallarında, eləcə də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilərin sayca üstünlük təşkil etməyə başlamasının imperiya siyasətinin nəticəsi olduğu diqqətə çatdırılır.

Kitabda, eyni zamanda, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir. Akademik Ramiz Mehdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edib.

Nəşrin müəyyən fəsilləri münaqişənin hüquqi bazasına həsr edilir, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun həmsədri olan böyük dövlətlərin mövqeyində özünü büruzə verən ikili standartların danışıqlar prosesinin nəticəsiz qalmasına səbəb olduğu göstərilir.

Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağa dair fundamental elmi əsərin türk dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Əsər qardaş Türkiyə oxucularında Qarabağ həqiqətləri haqqında məlumatlılığın artırılması baxımından mühüm rol oynamaqla yanaşı, tədqiqatçılar və tələbələr üçün dəyərli elmi mənbədir.

 

/Trend/