Allahşükür Paşazadə: “Müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıb”

“Həqiqi faktları təhrif edərək erməni soyqırımını tanıyanlar, gerçək Xocalı qətliamını görməzlikdən gəlir, bu günə qədər bu faciənin tam şəkildə real hüquqi-siyasi qiymətini verə bilmirlər”…

“Həqiqi faktları təhrif edərək erməni soyqırımını tanıyanlar, gerçək Xocalı qətliamını görməzlikdən gəlir, bu günə qədər bu faciənin tam şəkildə real hüquqi-siyasi qiymətini verə bilmirlər”

 

“Azərbaycan müsəlman dünyasının bir parçası olmaqla yanaşı, həm də dünyəvi və çoxkonfessiyalı ölkədir. İslam dini ölkəmizdə tarixi-mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsidir. Yüz illər ərzində etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması Azərbaycan cəmiyyətində milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyyətimizdir”.

 

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Bakıda keçirilən “İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfransda deyib.

 

A. Paşazadə qeyd edib ki, bu gün Azərbaycan Respublikası İslam dininin elmi və maarifpərvər əhəmiyyətini təbliğ edən, onun sülhsevər və tolerant ruhunu dünyaya çatdıran ölkələrdən biridir: “Belə bir münasibətin arxasında böyük siyasi uzaqgörənlik və dövlət rəhbərinin müdrikliyi amilinin qərar tutması şübhəsizdir. Mütərəqqi ənənələrinə sadiq olan Azərbaycan Respublikasının bütöv bir tarixi mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olub. Əslində, bu gün keçirdiyimiz beynəlxalq konfransın özü də ulu öndərin himayədarlığı ilə 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında təşkil edilən “İslam sivilizasiyası Qafqazda” beynəlxalq Simpoziumunun ənənəvi davamı və XXI əsrdə keçirilən növbəti konfransıdır”.

 

QMİ sədri bildirib ki, artıq Azərbaycan əvvəlki məzlum dövlət deyil: “Bu gün Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü kimi qlobal və regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirir. Bu, əlbəttə dövlət rəhbərimizin səyləri nəticəsində əldə etdiyimiz nailiyyətlərdir. Bizi çox sevindirir ki, möhtərəm prezidentimiz ölkənin iqtisadi və siyasi qüdrətini artırmaqla yanaşı, dini və elmi mühitimizin inkişafına da həssaslıqla yanaşır. Mədəni irsimizin qorunmasında, milli-mənəvi dəyərlərin inkişafında möhtərəm prezidentimizlə bərabər, böyük zəhmətləri olan birinci xanım Mehriban Əliyevanın xidmətləri və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd olunmalıdır”.

 

Şeyxülislam deyib ki, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada, eyni zamanda ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya və ksenofobiya halları da müşahidə olunur: “Təəssüf hissi ilə qeyd etməliyəm ki, etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugünkü acı gerçəyidir. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, elm və din xadimlərinin birgə fəaliyyətinə ciddi ehtiyac var. Dindən siyasi məqsədlər üçün istifadəyə, ekstremist təmayüllərə qarşı mübarizənin ön cərgəsində, ilk növbədə nüfuzlu siyasi və dini liderlər, ziyalılar, güclü təsir imkanlarına malik olan informasiya vasitələri durmalıdır. Keçirilən konfransın əsas məqsədi – bütün dünyaya dinlə elmin vəhdətinin vacibliyini bəyan etməkdir.

 

Bu gün “qloballaşma” məfhumu altında həyatımıza daxil olan bir sıra problemlər var. Dini müstəvidə yaşayan insanlar bu problemlərin yaranma səbəblərini dünyanın ilahi qanunlarının pozulması ilə əlaqələndirir və hesab edirlər ki, cəmiyyətlər Uca Yaradanın təyin etdiyi mənəvi dəyərlərdən uzaqlaşdıqca, bəşəri fəlakətlərə yaxınlaşırlar. Təəssüf ki, bəzi elm adamları problemin mahiyyətinə materialist mövqedən yanaşırlar, amma unutmaq olmaz ki, qlobal problemlərin yaranacağına dair ilahi xəbərdarlıq müqəddəs Kitabimiz Qur`ani-Kərimdə ehtiva edib: “Biz sizin üçün Yer üzünü islah edib (sizin yaşayıb yaratmanız üçün) düzəltdikdən sonra, orada fəsad törətməyin (qan tökməyin, viran qoymayın) (Əraf,56)”. Əfsuslar olsun ki, müasir dönəmdə biz cəmiyyət və insan həyatına ciddi hədə olan hadisələrlə, özünü İslama aid edən radikal dini təriqətlərin və cərəyanların dağıdıcı fəaliyyəti ilə qarşılaşırıq. Görünən odur ki, müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıb.

 

Bildiyiniz kimi, biz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalqın nümayəndələriyik. Bu fəlakətləri özümüzdə yaşadığımız üçünİraqdakı qətliamları, Suriyadakı qardaş qırğınlarını, hər gün İŞİD-in törətdiyi rəzalətləri, Qüdsdəki hərbi cinayətləri və terror aktlarını qətiyyətlə pisləyirik. İki yüz ildən artıq dövr ərzində azərbaycanlılara qarşı mütəmadi deportasiya və genosid siyasəti aparan Ermənistanın özünü dünyaya “məzlum qurban” kimi təqdim etməsini siyasi riyakarlıq hesab edirik. Həqiqi faktları təhrif edərək erməni soyqırımını tanıyanlar, gerçək Xocalı qətliamını görməzlikdən gəlir, bu günə qədər bu faciənin tam şəkildə real hüquqi-siyasi qiymətini verə bilmirlər. Dünyada sülhün və əmin-amanlığın bərqərar olması, cəmiyyətdə mənəvi-əxlaqi bazisin yaradılması və ənənəvi dəyərlərin qorunması məsələsində ziyalıların, elm və din xadimlərinin səylərinin birləşdirilməsi önəmli şərtlərdəndir.

 

Dinimizdə elmin və alimin mövqeyi barədə Peyğəmbərimiz Həzrət Məhəmməd əleyhissalamın mübarək hədisi var ki, alimlər peyğəmbərlərin varisləri, xəlifələri və davamçılarıdır, peyğəmbərlərin yolunu davam etdirənlərdir. Yaxın keçmişimizə qədər dinə bəslənən neqativ münasibəti, elm və din arasında uçurum fərqi qoyulmasını ruhun bədəndən ayrılmasına bənzətmək olar. Bu gün din və elm yaradılan şərait və imkanlardan istifadə edərək bir-birinə arxa-dayaq olmalı, cəmiyyətin, özəlliklə gələcək nəslin düzgün ruhda tərbiyəsinə və maariflənməsinə yardım etməlidir”.

 

/Apa/