Almaniyanın Köln şəhərində izdihamlı Xocalı mitinqi keçirilib

Almaniyanın Köln şəhərində Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı «Köln Ev » adlanan yerdə yürüş mitinq keçirilib…

Almaniyanın Köln şəhərində Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı «Köln Ev » adlanan yerdə yürüş mitinq keçirilib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, mitinqə müxtəlif Avropa ölkələrindən gəlmiş insanlar, o cümlədən Köln-Dayanışma Azərbaycan Dərnəyinin rəhbəri Ufuk Kamal, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naiba Hacıyeva, Köln Ülkü Ocaqları, Atatürkçü Düşüncə Dərnəyinin, müxtəlif diaspor fəalları, həmçinin almanlar dəstək veriblər.

Səsgücləndirici ilə Xocalı soyqırımı və Qarabağla bağlı alman dilində məlumat verilib, çıxışlar dinlənilib. Almaniya vətəndaşları və müxtəlif ölkələrdən olan turistlər mitinqi maraqla qarşılayıblar. Onlara Xocalı soyqırımı ilə bağlı broşürlər paylanılıb. Xüsusilə, gənclərimiz ayrı-ayrılıqda turistlərə Xocalı soyqırımı və Qarabağ münaqişəsi haqqında məlumat veriblər. Alman polisinin verdiyi xəbərə görə, mitinqdə 500-dən yuxarı insan iştirak edib.

Daha sonra isə tədbir çıxışlarla davam etdirilib.

Öncə çıxış edən Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasayoğlu Xocalı soyqırımı ilə bağlı məlumat verib. Sonra sözü Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərova verib.

Ceyhun Ələkbərov bildirib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərinə hücum edərək şəhəri yerlə yeksan edib, insanları kütləvi şəkildə qətlə yetiriblər: «Bu vəhşilikəri yaşayan və görən bir insan kimi, o hadisələri sizlərin təsəvvüründə canlandırmaq mənim üçün çox çətindir. Xocalının işğalından sonra sağ qalan insanlar qırğından canlarını qurtarmaq üçün müxtəlif istiqamətlərə hərəkət etdilər. Onlar Xocalıdan 10 km uzaqlıqda vəhşicəsinə qətlə yetirildilər və girov götürüldülər. Ermənilər öldürülmüş cəsədlər üzərində insanlığa sığmayan vəhşiliklər etdilər. Girov götürülmüş insanların orqanları çıxarılaraq, orqan mafiyalarına satılırdı. Bu da onu göstəri ki, ermənilər bunu öncədən planlaşdırıblar və planlaşdırdıqları kimi bir şəhərin, bir soyun yer üzündən silinməsini sistemli şəkildə həyata keçiriblər. Bu da 1948-ci il Cenevrə Konvensiyasının Genosid aktının müddəalarına görə, soyqırım aktıdır. Hadisənin üzərindən 22 il keçməsinə baxmayaraq, bu qətliam hələ də dünya birliyi tərəfindən layiqincə qiymətləndirilməyib və icraçılar cəzalandırılmayıblar.

Biz xocalılıların tək istəyi dünyanın bu hadisəyə duyarsız qalmaması bu qətliamı bir türkün və müsəlmanın qətliamı kimi deyil, insanlığın məhv edilməsi kimi dəyərləndirməsidir. Onu da bildirim ki, dövlətimizin bu istiqamətdə, ümumiyyətlə ümummilli məsələlərlə bağlı sistemli şəkildə gördüyü işlər effektiv nəticəsini verməkdədir. Bu məsələlərdə diaspor təşkilatlarımızın gördüyü işlər danılmazdır. Bu da yaxın gələcəkdə Xocalı soyqırımını dünya birliyi tərəfindən soyqırım aktı kimi tanınmasına təkan verəcək «

Sonra çıxış edən Dünya Azərbacanlıları Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Səftər Rəhimli bildirib ki, ikiyə bölünmüş Azərbaycan daim erməni terroru ilə üz-üzə qalıb: «Bu soyqırım aktlarının ən dəhşətlisi Xocalı qətliamıdır. Burada yaşayan türklər mövqelərindən, düşüncələrindən asılı olmayaraq, ümummilli məsələlərlə bağlı həmrəylik nümayiş etdirməli, bir olmalıdırlar. Xocalı soyqırımı ilə bağlı mühüm işlər görülür. Bu tədbir də həmin işlərin tərkib hissəsidir və belə tədbirlər sistemli şəkildə davam etdirilməlidir «.

Mitinqin sonunda Kölndə yaşayan tarzən Vahid Vəliyevin ifasında «Bayatı-Şiraz » muğamı səsləndirilib.

/Trend/