ARDNŞ Rusiyaya qaz nəqlinin dayandırılmasının səbəblərini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyaya ixrac etdiyi qazın nəqli ilə bağlı açıqlama yayıb…

 

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyaya ixrac etdiyi qazın nəqli ilə bağlı açıqlama yayıb.

 

«APA-Economics»in ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, məlumatda deyilir ki, Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramına (2006-2015-ci illər) əsasən Qəndob-Xaçmaz-Yalama-Rusiya sərhədi avtomobil yolunun tikintisi həyata keçirilir. İşçi layihəsinə əsasən, avtomobil yolunun 133,8 kilometrliyində, 135,935 kilometrliyində, 137,278 kilometrliyində, 178,490 kilometrliyində (sol qol ilə 2 kəsişmə), 178,860 kilometrliyində, 178,9 kilometrliyində, ümumilikdə 7 yerdə 1220 millimetrlik Mozdok-Qazıməmməd magistral qaz kəməri ilə kəsişdiyi nəzərə alınaraq, müvafiq normativ sənədlərin tələblərinə və texniki şərtlərə əsasən kəsişmələrin layihə həlləri hazırlanıb. Tikinti işləri «Azərinşaatservis» MMC tərəfindən aparılır.

 

«Layihənin dövlət əhəmiyyətli olmasını əsas götürərək kəsişmələrdə tikinti işlərinin aparılmasına təhlükəsiz şərait yaradılması məqsədi ilə Mozdok-Qazıməmməd magistral qaz kəmərində texnoloji rejimlər dəyişdirilib, işçi təzyiq 12 atmosferə salınıb. Bu səbəbdən Rusiyaya qazın nəqli müvəqqəti dayandırılıb. Kəsişmələrdə tikinti işlərinin aparılması ilə əlaqədar olaraq həmçinin Mozdok-Qazıməmməd magistral qaz kəmərində 206-cı və 287-ci kilometrlərdə aşkar edilmiş sızmaların ləğvi edilməsi üçün işlərə başlanılıb. Bu məqsədlə təmir işləri ARDNŞ-in «Qaz İxrac» İdarəsi tərəfindən aparılır», – deyə məlumatda bildirilir.