Arkanzas ştatındakı Kapitoliy binasının qarşısında Azərbaycan bayrağı ucaldılmışdır

Vaşinqton, 27 fevral (AzərTAc). Arkanzas-Türk dünyası dostluq günü çərçivəsində Arkanzas ştatında, Kapitoliy binasının (Arkanzas ştatı Senatı və Nümayəndələr Palatasının yerləşdiyi bina) qarşısında təntənəli şəkildə Azərbaycan və Türkiyə bayraqları ucaldılmışdır…

Vaşinqton, 27 fevral (AzərTAc). Arkanzas-Türk dünyası dostluq günü çərçivəsində Arkanzas ştatında, Kapitoliy binasının (Arkanzas ştatı Senatı və Nümayəndələr Palatasının yerləşdiyi bina) qarşısında təntənəli şəkildə Azərbaycan və Türkiyə bayraqları ucaldılmışdır. Həmin gün ABŞ-ın Arkanzas ştatının paytaxtı Litl Rok şəhərində “Amerikalıların və Avrasiyalıların Turkuaz Şurası” adlı ABŞ türk icması təşkilatı tərəfindən Arkanzas – Türk dünyası dostluğuna həsr olunmuş ziyafət təşkil edilmişdir.

Tədbirdə Arkanzas ştatının dövlət katibi Mark Martin, ştatın Senatının və Nümayəndələr Palatasının çoxsaylı üzvləri, digər rəsmilər iştirak etmişdir.

Azərbaycan tədbirdə Vaşinqtondakı səfirliyin müşaviri Məmməd Talıbov tərəfindən təmsil olunmuşdur. M.Talıbov çıxış edərək Azərbaycan ilə ABŞ arasında strateji xarakter daşıyan tərəfdaşlıq, regionun liderinə çevrilmiş Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələrin həyata keçirilməsində önəmli rolu, həmçinin Azərbaycanın “Cənub” qaz dəhlizi layihəsi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə danışmışdır. Diplomat regiondakı təhlükəsizliyə təhdid olan yeganə problemin – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qaldığını vurğulamışdır. O, münaqişənin tarixi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. M.Talıbov Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, ölkəmizin ABŞ ilə strateji tərəfdaşlığına davamlı dəstəyə çağıran qətnamənin qəbul edilməsinə görə Arkanzas Senatının üzvlərinə təşəkkürünü bildirmişdir. O, bu günlərdə Azərbaycan xalqının fevralın 26-da erməni təcavüzkarları tərəfindən Xocalı şəhərinin işğalı zamanı törədilmiş qətliamın 22-ci ildönümünü qeyd etdiyini bildirmiş, Arkanzas şatının keçən il Xocalı soyqırımını tanıyan ABŞ ştatlarının sırasına qoşulmasına görə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, son zamanlar bir çox ölkələr və ABŞ-ın bəzi ştatları tərəfindən Xocalı qətliamının tanınması ədalətin bərqərar olacağına ümid etməyə imkan verir.

Azərbaycan diplomatı, həmçinin Arkanzas ştatının dövlət katibi, Senatın və Nümayəndələr Palatasının üzvləri ilə görüşlər keçirmişdir.

/Azertac/