AŞ Nazirlər Komitəsinin sədri: Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə münasibətdə passiv müşahidəçi deyil

Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə münasibətdə passiv müşahidəçi deyil…

Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə münasibətdə passiv müşahidəçi deyil. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay plenar sessiyasının birinci iş günündə AŞ PA-da çıxış edən Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) fəaliyyətdə olan sədri, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Krnadak Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və onun fəsadları ilə bağlı sualına cavabında deyib.

AŞ Nazirlər Komitəsinin sədri qeyd edib ki, Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə münasibətdə passiv müşahidəçi mövqeyi tutmur:

“Mən sizi əmin edirəm ki, Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə münasibətdə passiv müşahidəçi mövqeyi tutmur. Biz bu münaqişənin doğurduğu fəsadlardan əziyyət çəkənlərin insan haqlarının fərqindəyik. Onlar da bizim qitəmizin digər sakinləri kimi eyni hüquqlardan yararlanmalıdırlar. Bu, bir reallıqdır. Bu isə öz növbəsində, ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında münaqişənin siyasi yolla həll olunmasını tələb edir. AŞ Nazirlər Komitəsinin sədri kimi, yalnız hər iki tərəfi bu münaqişəni həll etmək üçün kompromisə çağırıram “.

 

/Trend/