AŞ PA məruzəçisi: “Mənə hələ də Ermənistana səfər etmək imkanı verilməyib “

“Cari il sentyabrın əvvəlində Azərbaycana səfər edəcəyəm “….

“Cari il sentyabrın əvvəlində Azərbaycana səfər edəcəyəm “. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçi, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviç Trend-ə eksklüziv açıqlamasında deyib.

O, qeyd edib: “Bü gün mən AŞ PA-nın Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsində çıxış etməliydim. Ermənistan tərəfi qurumun “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçisi ilə əməkdaşlıq etmək istəmir. Onlar mənə faktaraşdırıcı missiyanı həyata keçirmək üçün Ermənistana səfər etmək imkanı verməlidirlər. Hələ ki, bunu etməyiblər. Bizim Komitə bu məsələyə müdaxilə etdi. Bu gün Komitə məruzəçi ilə əməkdaşlıq və ona səfər etməyə icazə verməsi üçün Ermənistan hökumətinə məktubla müraciət etməyi qərara aldı. Ümid edirəm ki, bu səfər baş tutacaq. AŞ PA-nın yay sessiyası daxil olmaqla, artıq dördüncü dəfədir ki, Ermənistan nümayəndə heyəti ilə ölkələrinə səfər etməyə dair konkret bir tarix əldə etməyə cəhd edirəm. Bu qeyri-müəyyənlik keçən ilin oktyabrından indiyədək davam edir. Ümid edirəm ki, bu dəfə bizim Komitənin müdaxiləsi sayəsində və Ermənistan tərəfinin verdiyi vədi yerinə yetirməsi nəticəsində bu səfər baş tutacaq. Və Ermənistan tərəfi səfərin təşkilinə imkan verəcək “.

Xanım M.Markoviç qeyd edib ki, bu gün Komitənin iclasında heç bir sənəd təqdim etməyib: “Mən bu gün heç bir sənəd təqdim etmədim. Çünki hələ hesabatın hazırlanması ilə məşğulam. Hesabat üzərində iş bu ilin sonuna qədər davam edəcək. Mən hesabatı qətnamə layihəsi ilə birlikdə AŞ PA-nın 2016-cı ilin yanvar ayında keçiriləcək qış plenar sessiyasında təqdim etməyi düşünürəm “.

AŞ PA məruzəçisi bildirib ki, bugünkü iclasda Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi ona növbəti dəfə Azərbaycana səfər etməyə razılıq verib: “Bu gün keçirilən iclasda Komitə mənim növbəti dəfə Azərbaycana səfər etməyimə razılıq verdi. Mən cari il sentyabrın əvvəlində Azərbaycana səfər edəcəyəm. AŞ PA-nın 2014-cü ilin sentyabr ayında keçirilən iclasında hesabatın hazırlanmasının yol xəritəsi qəbul ediləndə, Azərbaycan nümayəndə heyətindən olan həmkarlarım ölkəyə səfər etməyi istədilər. Bu yol xəritəsinə uyğun olaraq, mən yenidən Azərbaycana səfər edəcəyəm. Azərbaycanlı həmkarlarım qeyd etdilər ki, bu bölgədə yaşayan insanların suya çıxışı və ondan istifadəyə münasibətdə gündəlik həyat şərtləri ağırdır. Bilirəm ki, onların suvarma və kənd təsərrüfatı işlərində istifadə üçün suya çıxışları məhduddur. Onların gündəlik həyatı bundan asılıdır. Səfər çərçivəsində bir sıra dövlət qurumlarında, habelə Sərsəng su anbarının təsiri altında olan bölgəyə səfər, eləcə də müvafiq qurumlarla görüşlərin keçirilməsi nəzərdə tutulur “.

Qeyd edək ki, xanım M.Markoviçin Sərsəng su anbarı ilə bağlı AŞ PA-da hazırlayacağı məruzə işğal altında olan strateji obyektlərə dair ilk məruzə olacaq.

Xatırladaq ki, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında M.Markoviç qurum tərəfindən 2014-cü ilin may ayında məruzəçi təyin edilib.

 

/Trend/