ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirməyə səy göstərir

“Tərəflər olduğu yerdə qaldıqda və addım atmadıqda proses dayanır…

“Tərəflər olduğu yerdə qaldıqda və addım atmadıqda proses dayanır. Hər iki tərəfin müəyyən addımlar atması, təkliflər verməsi vacibdir. Azərbaycan və Ermənistan tərəfinə bunun hamı üçün vacib və maraqlı məqam olması çatdırılmalıdır “. Bunu Trend-ə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişi ilə bağlı məsələyə münasibətində deyib.

Səfirin sözlərinə görə, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərir: “Şəxsən Fransa Prezidenti bu prosesə cəlb olunub və o, bu problemin həll olunmasında maraqlıdır “.

P.Mönye Fransa Prezidenti Fransua Ollandın ötən ilin sentyabrında və bu ilin aprelində bölgəyə səfərlərini xatırladaraq bu zaman danışıqların aparıldığını, məsələlərin masa üzərinə qoyulduğunu, hər iki prezident tərəfindən araşdırılıb öyrənildiyini deyib.

Səfirin sözlərinə görə, bu məsələ Rusiya Prezidenti Vladimir Putinin ilk Avropa Oyunlarının açılış mərasimi ərəfəsində Bakıya gəlişində ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrlərinin iştirakı ilə bir daha müzakirə edilib: “Həmçinin, ATƏT-in rusiyalı həmsədri Fransaya gedib və orada müzakirələr davam etdirilib. ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışır “.

Səfir qeyd edib ki, Fransanın həm Ermənistan, həm də Azərbaycanla çox yaxşı münasibətləri var və bu ölkələrlə əməkdaşlığı genişləndirmək niyyətindədir: “Fransada yarım milyon erməni var və ermənilər orada çox fəaldırlar. Azərbaycan isə strateji tərəfdaş kimi Fransa üçün vacib ölkədir. Hər 8 aydan bir Fransa prezidenti Ermənistan və Azərbaycan prezidentləri ilə görüşlər keçirir. Biz istəyirik ki, iqtisadiyyatda, nəqliyyatda və digər sahələrdə əlaqələri daha da inkişaf etdirək. Eyni zamanda, mədəniyyət və təhsil sahələrində də inkişafa nail olmaq istəyirik. Bakıda Fransa-Azərbaycan Universiteti yaratmaq niyyətindəyik “.

 

/Trend/