AVCİYA “Ermənistanın qondarma soyqırım təbliğatına petisiya mesajımız” mövzusunda dəyirmi masa keçirdi.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası aprelin 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistanın qondarma soyqırım təbliğatına petisiya mesajımız” mövzusunda dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov açdı. E.Salmanov bildirdi ki, ermənilər artıq 100 ildən çoxdur ki, özlərini soyqırıma məruz qalana xalq kimi göstərməklə, Türkiyədə və Azərbaycanda törətdikləri vəhşilikləri ört-basdır çalışırlar. Bütün resurslardan istifadə etməklə erməni təbliğat maşınını susdurmağa çalışmaz lazım gəldiyini bildirdi.
AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov Obama administrasiyasına edilən müraciətlə bağlı aparılan fərgin və irimiqyaslı fəaliyyətə görə bütün media orqanlarına təşəkkürünü bildirdi. AŞPA-nın yaz sessiyasında ermənilərin növbəti təxribatına toxunan millət vəkili qeyd etdi ki, son hadisələrlə bağlı bu qurumda debatların aparılması üçün 3 təklif irəli sürülmüşdü. Bunlardan birini Fransa nümayəndə heyətinin rəhbəri və mütəmadi olaraq Dağlıq Qarabağa qanunsuz səfərlər edən Ruke “Dağlıq Qarabağ münaqişəsinin faciəli alovlanması” başlığı ilə, Ermənistan nümayəndə heyəti “Dağlıq Qarabağa qarşı son günlərdə Azərbaycanın törətdiyi müharibə cinayətləri” başlığı ilə, üçüncüsünü isə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində zorakılığın artması” başlığa ilə edilmişdi. E.Süleymanov qeyd etdi ki, Ermənistanı işğalçı dövlət kimi tanıyan 2085 saylı qətnamə erməniləri çox sarsıtmış və məyus etmişdi. Elə həm ermənipərəst fransızın, həm də erməni nümayəndə heyətinin özü müraciəti ilə bu məyusluğu azaltmağa çalışırdılar. Lakin Azərbaycan nümayəndə heyətinin səyləri ilə bu müraciətlərin, Azərbaycan ordusunun ünvanına yağdırılan təxribatçı ifadələrin qarşısı alındı. Natiq qeyd etdi ki, artıq avropalı deputatların şüurlarında Ermənistanın işğalçı obrazı özünə möhkəm yer edib. Həmçinin AŞPA-nın Azərbaycan üzrə məruzəçisi cənab Şennakın məruzəsi razılıqla qarşılanıb. Elxan Süleymanov son zamanlar bəzi media orqanlarında gənc millət vəkili Müslüm Məmmədovqarşı qaralama kampaniyası aparıldığını bildirdi. E.Süleymanov “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması” adlı petisya haqqında danışarkən qeyd etdi ki, indiyədək 200 mindən artıq insan səsvermə prosesində iştirak edib və Türkiyə xalqı da aksiyaya fəal dəstəyini göstərir. Qeyd olundu ki, petisiyaya verilən hər bir səs ürək döyüntülərimizdir. Millət vəkili bildirdi ki, ABŞ prezidenti Obamanın petisiyaya cavabı həm də 2085 saylı AŞPA qətnaməsinə səs verən 45 ölkənin parlamentarisinə cavabı olacaq. E.Süleymanov AVCİYA-nın petisiyanın mediada geniş işıqlandırılmasını stimullaşdırmaq məqsədilə müsabiqə elan etdiyini bildirdi.
“1905.az” portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev bildirdi ki, “1905.az” gerçək soyqırım tariximiz haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədilə yaradılıb. “1905.az kitabı” seriyasından nəşriyyat fəaliyyəti ilə də məşğul olduqlarını nəzərə çatdırdı. Artıq bu seriyadan 3 dildə “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” adlı kitab da dərc edilib. Portalın keçirdiyi tarixi hekayə müsabiqəsi də artıq başa çatıb və ən yaxın zamanlarda uğur qazanan müəlliflərin hekayələrindən ibarət kitab nəşr olunacaq.
Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı qeyd etdi ki, tarixçilər uzun müddətdir ki, tarixi faktların saxtalaşdırılmasına tutarlı faktlarla cavab verirlər. Amma indiki mərhələdə qondarma “erməni soyqırımının” olmamasını sübut etmək üçün Azərbaycan və Türkiyə tarixçilərinin fəaliyyətinin koordinasiya edilməsi tələb olunur.
Tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradov söylədi ki, ermənilərə verilən cavablarda daha çox tarixi erməni mənbələrinə istinad etmək tələb olunur. Məhz bu mənbələr vasitəsilə ermənilərin ifşasına dünyanın hər yerində həvəslə inanırlar.
Tarix üzrə elmlər doktoru Minəxanım Əsədli erməni vandalizminin qurbanına çevrilən tarixi abidələr, saxtakarlığa məruz qalan toponimlər, maddi-mənəvi dəyərlərin ermənilər tərəfindən mənimsənilməsindən danışdı.
Qafqaz Universiteti Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bilal Dədəyev qeyd etdi ki, xaricə gedən hər bir siyasətçi, millət vəkili, iş adamı erməni şantajının qarşısını almağa hazır olmalıdır. B.Dədəyev “erməni soyqırımı” məsələsinə toxunaraq bildirdi ki, 24 aprel 19015-ci il tarixdə ermənilərin dediyi kimi, yüz minlərlə insanın qanı tökülməyib, sadəcə olaraq “Daşnaksütyun” və “Qnçak” partiyalarının Türkiyədəki rəhbərləri həbs olunub.