AVCİYA-nın petisiyası haqqında 148 dünya Kütləvi İnformasiya Vasitəsi yazdı
5 iyun 2016-cı ildə Ağ Ev Administrasıyasının “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyasına münasibət bildirməsi üçün müddət başa çatır. CNBC, REUTERS, THE BUSİNESS JOURNAL, YAHOO FİNANCE də daxil olmaqla 148 dünya Kütləvi İnformasiya Vasitəsi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun açıqlamasını yayıb. E. Süleymanov Ağ Evin petisiya ilə bağlı cavabı haqqında öz gözləntilərindən danışaraq qeyd edib:
“Biz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalından keçən 24 il ərzində və cari ilin aprel ayının əvvəllərində cəbhədə baş vermiş döyüşlərdən sonrakı müddət ərzində ABŞ-ın və onun həmsədr olduğu ATƏT-in Mİnsk Qrupunun laqeydliyinə və açıq-aşkar biganəliyinə nəzər salanda, Ağ Evin petisiyaya verəcəyi cavabın obyektiv və qane edici dərəcədə dolğun olacağı məndə böyük şübhə doğurur.
Hadisələrə bu konteksdə yanaşaraq güman edirəm ki, Ağ Ev Administrasiyası AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməkdən yan keçəcək və onu birmənalı şəkildə təqdir etməyəcək. Düşünürəm ki, Ağ Ev yalnız petisiyadakı çağırışımızın Sərsəng su anbarının hazırki durumu səbəbindən baş verə biləcək humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi ilə bağlı hissəsinə laqeyd reaksiya verəcək və qətnamənin Azərbaycan ərazilərinin işğal edilməsini və Ermənistanın işğalçı dövlət olmasını ehtiva edən əsas müddəalarından diqqəti yayındırmaq məqsədilə müstəqil ekspertlərin yoxlama aparması və suyun buraxılması məsələsinin müzakirə olunması üçün Minsk Qrupu çərçivəsində dialoqun vacibliyini bildirəcək. Ağ Evin petisiyaya belə cavabı isə ABŞ tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini açıq-aydın təqdir etməsi anlamına gələcək. Bu barədə ciddi düşünməyə dəyər.”
E. Süleymanovun açıqlamasında həmçinin bildirilir: “Bununla belə, biz unutmamalıyıq ki, Ağ Evin cavabından asılı olmayaraq, biz Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəmizi dayandırmayacağıq və bu müstəvidə petisiya böyük əhəmiyyətə malikdir. “
AVCİYA prezidenti 2 aya yaxın müddət ərzində Ağ Evin rəsmi saytında Ermənistanın işğalçı dövlət olması, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması faktının əks olunmasını və sayta daxil olan milyonlarla insanın bu barədə məlumat almasını çox vacib amil, torpaqlarımızın işğaldan azad edilməsinə aparan yolda əhəmiyyətli bir fəaliyyət kimi dəyərləndirib.