AVCİYA: Seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib

Samir Soltanov/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyi açıqlanıb…

 Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyi açıqlanıb. 

AZADİNFORM  xəbər verir ki, mətbuat konfransında çıxış edən AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, AVCİYA bu il oktyabrdan başlayaraq bələdiyyə seçkiləri ilə əlaqədar geniş fəaliyyət proqramı həyata keçirib: “AVCİYA namizədlərin irəli sürülməsi, onların MSK-ya müraciətləri, imza toplamaq kampaniyası, namizədlərin qeydə alınma proseduru, seçici siyahıları, seçici prosesi ilə bağlı qanun pozuntuları, seçici şikayətləri, seçki ilə bağlı qanunverici baza, bələdiyyə seçkiləri ərəfəsində ölkədəki siyasi mühit, MSK, DSK və məntəqə komissiyalarının fəaliyyəti təşviqat kampaniyasının monitorinqini həyata keçirərək 18 dekabrda aralıq hesabatını ictimaiyyətə təqdim edib”.

M. Zülfüqarlı deyib ki, seçki günü 5 dəfə məntəqələrdəki səsvermənin vəziyyəti, müşahidə olunan qanun pozuntuları, seçici fəallığının vəziyyəti barədə məlumatlar AVCİYA seçki qərargahında toplanaraq ümumiləşdirilib: “Assosiasiya bu gün bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb. Yekun hesabat isə 8 yanvar 2015-ci ilə kimi ictimaiyyətə təqdim ediləcək. AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəçinin nəticələri ona deməyə əsas verir ki, müşahidə aparılmış 400 məntəqədə seçicinin fəallığı 39,7 % təşkil edib. Seçki günü ölkə üzrə bir neçə məntəqədə bəzi çatışmazlıqlar müşahidəçilərimiz tərəfindən qeydə alınıb. Məsələn, ailə başçısının ailə üzvləri əvəzinə səsvermə cəhdi, müşahidələr üçün yerlərin əlverişli seçilməməsi, səsvermənin nəticələrinə dair protokolun surətinin müşahidəçilərə verilməsinin yubadılması. Bu faktlar barədə seçici administrasiyasının nümayəndələrinə dərhal məlumat verilib və operativ müdaxilə nəticəsində qeyd olunan nöqsanlar aradan qaldırılıb. Beləliklə AVCİYA həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq Azərbaycanda keçirilən bələdiyyə seçkilərini baş tutmuş hesab edir. Seçkilər demokratik normalara uyğun şəffaf və ədalətli keçirilib”.