Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağda nüvə zonalarının olmasından narahatlıqlarını bildiriblər

Avropa Parlamentinin (AP) Yaşıllar siyasi qrupunun üzvləri Bart Staes (Belçika) və Ulrike Lunaçek (Avstriya) tərəfindən Avropa Komissiyasına “Cənubi Qafqazda nüvə təhlükəsizliyi ” mövzusunda sual ünvanlanıb…

Avropa Parlamentinin (AP) Yaşıllar siyasi qrupunun üzvləri Bart Staes (Belçika) və Ulrike Lunaçek (Avstriya) tərəfindən Avropa Komissiyasına “Cənubi Qafqazda nüvə təhlükəsizliyi ” mövzusunda sual ünvanlanıb. Trend-in məlumatına görə, AP-dən bildirilib ki, qurumun üzvləri Yerevanın 30 kilometrliyində yerləşən “Metsamor ” nüvə stansiyasını Rusiyadan başqa köhnə sovet tipli və 1960-cı illərdə yaradılmış təzyiqli su reaktorundan istifadə edən sonuncu nüvə zavodu olduğunu və bu nüvə stansiyasının çox həssas tektonik zonada yerləşdiyini xatırladırlar. Hələ 1988-ci ildə nüvə stansiyasının 100 kilometrliyində 6,9 bal gücündə zəlzələnin baş verdiyini və bunun ardınca stansiyasının bağlanıldığını qeyd edən deputatlar 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğalı nəticəsində baş vermiş böhran zamanı stansiyanın bir reaktorunun yenidən işə salındığını bildirirlər.

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və yeddi ətraf rayonun ərazisində nəzarətdən kənar nüvə zonalarının mövcudluğuna diqqəti cəlb edən AP üzvləri bu məsələnin xüsusü narahatlıq doğurduğunu vurğulayırlar.

“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni zonaların mövcudluğu bütün Qafqaz üçün real nüvə təhlükəsi yaradır “, – AP üzvləri bildirirlər.

Deputatlar, həmçinin “Metsamor ” nüvə stansiyasının 2016-cı ilədək bağlanması çağırışını xatırladıblar və Avropa Komissiyasından Avropa sərhədlərində mümkün yeni Fukusimanın qarşısının alınması və nüvə təhlükəsinin azadılması üçün hansı praktiki tədbirlərin görüləcəyini soruşublar.

 

/Trend/