Aydın Mirzəzadə: Ermənistandan nəinki beynəlxalq hüquqa riayət edilməsi tələb olunur, əksinə ona dəstək verilir

“Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına dair iclasındakı çıxışı bir çox məqamlarla diqqəti cəlb edir…

“Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına dair iclasındakı çıxışı bir çox məqamlarla diqqəti cəlb edir. Cənab Prezidentin söylədiyi fikirlər içərisində Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi də çox əhəmiyyətlidir “. Bunu Trend-ə açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin artıq 20 ildən çoxdur həll edilmədiyini, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistanın onları yerinə yetirməkdən imtina etməsi barədə faktları xatırlatdı, eyni zamanda Ermənistana qarşı bunlara görə sanksiya tətbiq edilməsinin vacibliyini vurğuladı: “Doğrudan da, Ermənistan beynəlxalq birliyin üzvü olsa da, beynəlxalq hüquq normalarına qarşı saymazlıq edir, qonşu dövlətin ərazisini işğal edərək indiyə qədər həmin ərazidən bir milyondan çox əhalini qovub və etnik təmizləmə aparıb, həmçinin həmin əraziləri bu gün özünü təsərrüfat məqsədləri üçün maksimum istifadə etməyə çalışır “.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaması, Azərbaycan ərazilərində özünün hərbi birləşmələrini saxlaması da Ermənistanın bu gün sivil dövlət obrazından çox uzaq olduğunu göstərir: “Belə bir hal digər dövlətlərdə olduqda beynəlxalq təşkilatlar, böyük güclər ona qarşı çox operativ fikir bildirirlər. Misal üçün, 1991-ci ildə İraq Küveyti işğal etdikdə NATO qüvvələri bu məsələyə görə İraqa sərt təpki göstərdilər. Bu yaxınlarda isə Krımın Rusiyaya birləşdirilməsinin özü beynəlxalq təşkilatların, o cümlədən böyük dövlətlərin, ilk növbədə Avropa dövlətlərinin sərt reaksiyasına səbəb oldu. Ancaq Azərbaycana qarşı ikili standartlar irəli sürülür. Ermənistandan nəinki bu məsələdə beynəlxalq hüquqa riayət edilməsi tələb olunur, əksinə ona dəstək verilir, yardımlar göstərilir, Ermənistan beynəlxalq təşkilatların, böyük dövlətlərin sankiyalarından kənarda qalır. Bu məsələdə cənab Prezidentin mövqeyi tamamilə haqlıdır, beynəlxalq ictimaiyyətin fikri ilə razılaşmayan dövlətlər beynəlxalq ictimaiyyət tərəfindən sanksiyalara məruz qalmalıdır. Belə olmazsa, İkinci Dünya müharibəsindən sonra dünyada bərqərar olmuş stabillik faktorları kökündən dəyişə bilər və dünya yenidən böyük fəlakətlər qarşısında qala bilər “.

A.Mirzəzadə bildirib ki, dövlət başçısının Nazirlər Kabinetindəki çıxışı birmənalı şəkildə Azrbaycanın heç bir halda öz torpaqlarının işğal altında qalması ilə razılaşmayacağını, Ermənistana qarşı hər cür təzyiq metodlarından istifadə edəcəyini və ilk növbədə öz gücü ilə işğal altında olan torpaqlarını işğaldan azad edəcəyi əzmini ortaya qoydu.

 

/Trend/