Azərbaycan XİN: Torpaqlarımızdan çıxın

“Qarabağ üzərindəki hava məkanı uçuşlar üçün bağlıdır”…

“Qarabağ üzərindəki hava məkanı uçuşlar üçün bağlıdır”.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün cəbhə xəttində Ermənistana məxsus helikopterlərin Azərbaycanın mövqelərinə hücum etməsi ilə bağlı bəyanatla çıxış edib.

Nazirlikdən Oxu.Az-a daxil olan bəyanatda bildirilib ki, bu il oktyabrın 27-də  Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində çoxlu sayda canlı qüvvə və hərbi texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə başlanılıb.

Atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda davam etdirilib: 

“12 noyabr tarixində son üç gün ərzində müşahidə edilən provokativ döyüş uçuşlarının davamı olaraq, Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd Mi-24 tipli helikopter Azərbaycan qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum edərək atəşə tutub. Cavab atəşi ilə helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub”.

XİN qeyd edib ki, Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib, müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb: 

“Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün və Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır”.

Bəyanatda daha sonra vurğulanıb ki, Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və mövcud status-kvonun saxlanması məqsədi daşıyır: 

“Gərginliyin yaranmasının əsas səbəbi Ermənistan Respublikasının silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır. Buna görə də Azərbaycan tərəfindən dəfələrlə bəyan edildiyi kimi, onsuzda gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Münaqişənin sülh yolu ilə həlli və regionda sülhün və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

www.oxu.az